Aprel 28, 2026-1:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Beynəlxalq Xalça Festivalı günlərində Bakıda çoxsaylı sərgilər açılacaq

2026:04:27 - 15:22
in MƏDƏNİYYƏT
A A

“Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə mayın 1-dən 3-dək “İçərişəhər” Qoruq ərazisində keçiriləcək Beynəlxalq Xalça Festivalına hazırlıqlar davam edir.

“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, festivalın zəngin və maraqlı proqramına bu il də müxtəlif, həm yerli, həm də xarici müəlliflərin sərgiləri daxildir.

“Elysıum”

Bu sadəcə bir sərgi deyil, həm də sənətin müxtəlif sahələrinin birləşməsidir. Rəssam Aida Mahmudovanın fırçasından çıxan abstrakt rəng qatları “Azərxalça” ASC-nın toxucuları tərəfindən ilmələrə köçürülüb. Bu, rəsm əsərinin “toxunulmaz” kətan halından çıxıb, daha fiziki və strukturlu bir formaya çevrilməsidir. Xalçaların Nardaran, Şəmkir və Qubada toxunması layihənin həm də sosial tərəfini — yerli sənətkarlığın və qadın əməyinin müasir incəsənətlə dəstəklənməsini vurğulayır.

“Azərxalça” ASC-nin tarixi təcrübəsi ilə Aida Mahmudovanın müasir baxışı mayın 1-3-də İçərişəhər kimi tarixi məkanda (Böyük Qala 15) bir araya gələcək.

“Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları”

Fərid Rəsulov və “Azərxalça” ASC-nin tərəfdaşlığından ortaya çıxan “Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları” xalça kolleksiyası ənənəvi Qarabağ xalçaçılıq sənətini sadəcə keçmişin qalığı kimi deyil, müasir sənət dilinin canlı bir parçası kimi təqdim edir. Bu layihə, qədim naxışları müasir vizual kontekstdə yenidən “aktivləşdirir”. Sərginin əsas qayəsi irs ilə müasirlik arasında ciddi bir dialoq yaratmaq, toxunmuş hər ilmədə nağılları və tariximizi bugünkü bədii təfəkkürlə birləşdirməkdir. Beynəlxalq Xalça Festivalı üçün xüsusi hazırlanan kolleksiyanın ilk təqdimatı da festivalda baş tutacaq. Kolleksiyaya – “Ağ at və quşların nağılı”, “Qarabağ atının əfsanəsi”, “Zəriflik naxışı”, “Qızılı lələklərin əks-sədası”, “İlmələrdəki pələng” və “Gecənin tacı nar” adlı fərqli 6 xalça daxildir. Yun və ipək qarışığından ibarət, 3D texnikası ilə hazırlanan “Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları” sərgisinin əsas ideyası: təkcə qorumaq kifayət deyil. Mədəni irs aktual qalmaq üçün dinamik olmalıdır.

Sərgi festival günlərində, 3 gün müddətində İçərişəhərdə yerləşən “Qgallery” sərgi salonunda nümayiş olunacaq.

Hərəkətdə olan ruhlar (“SOULS IN MOTION”)

Laurin Malanqro (Laurine Malengreau) müasir tekstil sənətində ənənəvi sənətkarlıqla innovativ texnikaları birləşdirən önəmli simalardan biridir. Onun yaradıcılığının mərkəzində dayanan “Nuno Silk” (Nuno ipəyi) texnikası, ipək və yun liflərinin bir-birinə keçərək vahid, axıcı və rəngkar bir tekstur yaratmasına əsaslanır. Rəssam, təbii ipək və yun materiallarını bir-birinə qovuşduraraq, efir variasiyalı və rəngkar kompozisiyalı irimiqyaslı divar asmaları yaradır. Onun əsərləri jestləri, rəngləri və materiallığı araşdıraraq, emosiya və hərəkəti immersiv tekstil formalarına çevirir. Beynəlxalq səviyyədə tanınan Malenqronun əsərləri şəxsi kolleksiyalarda və dizayn layihələrində yer alır; bu işlər həm ənənəvi sənətkarlığa dərin hörməti, həm də davamlılığa (sustainability) olan güclü bağlılığı əks etdirir.

Laurin Malenqro hazırda Fransanın məşhur qobelen mərkəzi olan Obüsson şəhərində yaşayır. O, beynəlxalq səviyyədə tanınmış sənətkar olmaqla yanaşı əsərləri Latviyadakı Rotko Muzeyinin daimi kolleksiyasına qəbul edilən ilk rəssam da hesab olunur.

Sərgi 3 gün müddətində Bakı Fotoqrafiya Evində tamaşaçıların ixtiyarında olacaq.

Hörülmə

Alban-amerikalı rəssam Cəvahir Kolqininin (Xhevahir Kolgjini) yaradıcılığını təqdim edən bu sərgi mənəvi transformasiyanı, psixoloji gərginliyi və dəyişməz qalanla dəyişən arasındakı kövrək tarazlığı araşdırır. Əsərlər əllə toxunma (düyünləmə) texnikası ilə yaradılıb. Yaşanmış təcrübələr xətlərin, düyünlərin, torların və piksellərin dili ilə toxunmuş struktura çevrilir. Bu, rəssamın mədəniyyətlərin kəsişməsi və sivilizasiyaların toqquşması mövzularına uzunmüddətli marağını əks etdirir. Sərgi tekstili həm bir təsvir, həm də bir düşüncə forması kimi təqdim edir. Burada duyğusal, zehni və mədəni anlayışlar bir-birinə keçərək birgəyaşayış və özünüifadə haqqında dərin bir meditasiya məkanı yaradır.

Müəllifin əsərləri London, Nyu-York, Albaniyanın müxtəlif şəhərlərində və digər ölkələrdə nümayiş etdirilib. “Intertwined Polarities” seriyasından olan işləri son illərdə Tirana və Nyu-Yorkda sərgilənmişdir.

Sərgi mayın 1-3-də Zaman Qalereyasında (İçərişəhər) təqdim olunacaq.

Türk çölünün qadınları

Qazaxstandan Beynəlxalq Xalça Festivalı üçün yola düşən Assol Alimova (Assolya) xalçalar üzərində hiperrealizm üslubunda işləyir. O, ənənəvi xalçaları müasir incəsənət nümunəsinə çevirərək onların üzərində portretlər yaradır. Onun əsərlərinin əsas mövzusu Böyük Çölün qadınları, türk tarixi və milli ornamentlərdir. Şəklin sağ tərəfindəki portretlərdə xalça naxışları ilə insan üzünün necə sintez olunduğunu görmək olar. Assolya həm kurator kimi ənənəvi irsi müasir sənətlə birləşdirir, həm də bir rəssam kimi xalçanı kətan kimi istifadə edərək yeni bir janr yaradır. Onun yaradıcılığı geniş ictimaiyyət tərəfindən qəbul edilib. Xüsusilə TikTok tərəfindən hazırlanan “The Discover List 2026” (2026-cı ilin kəşfləri siyahısı) siyahısına daxil edilməsi onun rəqəmsal dünyada və gənc nəsil arasında nə qədər populyar olduğunu göstərir. Sənət sahəsindəki nailiyyətlərinə görə Qazaxıstan Prezidenti ilə görüşmüşdür ki, bu da onun ölkənin mədəniyyət elçisi kimi statusunu təsdiqləyir.

Sərgi festival günlərində “Azərxalça” ASC-nin yeni sərgi salonu, Bakı Xanlarının Saray Kompleksi (Böyük Qala 44) ünvanında nümayiş olunacaq

“Nənəmin xalçası”

“DanceAbility Azərbaycan” Beynəlxalq Xalça Festivalı çərçivəsində İnklüziv Multidissiplinar Sərgini təqdim edir. Şəxsi hekayələrdən və “Azərxalça” ASC-nin toxucularının təcrübəsindən ilhamlanan bu tədbir xalçanı yalnız ənənəvi obyekt kimi deyil, canlı və paylaşılmış təcrübə kimi təqdim edir. Müasir üslubda rəqəmsal performans, hekayə təqdimatı, praktiki məşğələ və panel müzakirələrini bir araya gətirən proqram çərçivəsində bütün fəaliyyətlər əlilliyi olan və olmayan şəxslərin birgə iştirakı ilə hazırlanır. Tədbir Azərbaycan və ingilis dillərində keçirilir, insan mərkəzli dizayn prinsipləri əsasında qurulub. Bu yanaşma çərçivəsində əlçatanlıq təmin olunur: işarət dili tərcüməsi, audio təsvir və müxtəlif ehtiyaclara uyğunlaşdırılmış təqdimat formatları mövcuddur.

“DanceAbility Azərbaycan” keçiriləcək tədbiri ziyarət etməyə, xalça mədəniyyətini yaxından tanımağa və xatirələri canlandıraraq yaşatmağa dəvət edir. “Nənəmin Xalçası” tədbirinin əsas tərəfdaşı bp şirkətidir.

Sərgi mayın 2-3-də İçərişəhərdə yerləşən Müasir İncəsənət Mərkəzində baş tutacaq.

İçərişəhər Festival Zonaları və Açıq Səma Altında Sərgilər

Festivalın əhatə dairəsi təkcə qalereya və qapalı məkanlarla məhdudlaşmır, həm də İçərişəhərin tarixi küçə və meydanları geniş sənət platformasına çevriləcək. Qoşa Qala meydanı və Bakı Xanları parkı (həm birinci, həm də şüşəli meydanlar) festival boyu mərkəzi sərgi-satış yarmarkalarına ev sahibliyi edəcək. Burada şəhər sakinləri və turistlər unikal sənət nümunələrini yaxından görmək və əldə etmək imkanı qazanacaqlar. Eyni zamanda, Vahid bağı boyunca uzanan yarmarka zonası qonaqlara müxtəlif sənətkarlıq məhsullarının nümayişini təqdim edəcək. Əsrlərin yaddaşını yaşadan Multani və Buxara karvansaraları isə öz qapılarını eksklüziv sərgilər və yeni sənət məhsullarının təqdimatları üçün açaraq tarixlə müasirliyin kəsişməsini vizual bir bayrama çevirəcək.

AtəşHub: Bədii-maarifləndirici proqram

Şirvanşahlar sarayı kompleksinin muzey məkanında təqdim olunacaq proqram xalçanın mənəvi irs və sakral funksiyalarına həsr olunub. Proqram çərçivəsində kurator və sənətşünas M. Məmmədəliyevanın “Naxışdan alqoritmə: Azərbaycan xalçasının ənənədən müasirliyə təkamülü” mövzusunda mühazirə-prezentasiyası dinləniləcək. Təqdimatda Azərbaycan xalçasının mədəni şüurdan rəqəmsal incəsənətə keçid aspektləri və video-instalyasiyalar nümayiş olunacaqdır. Azərbaycan dilində keçiriləcək 4 saatlıq (iki hissəli) proqramda iştirak etmək istəyənlər festival ərəfəsində öncədən qeydiyyatdan keçməlidirlər. Proqramın mentoru Əməkdar rəssam Səbinə Şıxlinskaya, koordinatoru isə Aqnessa Tariverdiyevadır.

Əvvəlki Yazı

Azərbaycan–Ukrayna münasibətləri yeni mərhələdə: sülh diplomatiyası və geosiyasi əhəmiyyət

Növbəti Yazı

Ankarada mədəniyyət festivalında Azərbaycan stendi maraq doğurub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.