Aprel 27, 2026-23:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Azərbaycan–Ukrayna münasibətləri yeni mərhələdə: sülh diplomatiyası və geosiyasi əhəmiyyət

2026:04:27 - 15:11
in GÜNDƏM
A A

Ukrayna Prezidentinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin dərinləşməsi ilə yanaşı, regional və qlobal geosiyasi mənzərə baxımından böyük əhəmiyyət kəsb edir.

Bu səfər diplomatik vasitəçilik və sülh perspektivləri, enerji və logistika təhlükəsizliyi, müxtəlif sahələrdə əməkdaşlıq, müdafiə sənayesi, beynəlxalq hüquq və ərazi bütövlüyü, eləcə də humanitar dəstək və sosial dayanıqlılıq məsələləri baxımından diqqət çəkir.

Ümumilikdə isə Zelenskinin səfəri Azərbaycanın artıq təkcə regional oyunçu deyil, daha geniş coğrafiyada sabitlik yaradan mühüm aktora çevrildiyini göstərir.

Bu, Azərbaycanın qlobal siyasi balansda aktiv rol oynayan strateji platformaya çevrildiyini nümayiş etdirir.

Çoxəsrlik tarixi köklərə əsaslanan Azərbaycan-Ukrayna münasibətləri

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, Azərbaycan və Ukrayna əlaqələri çoxəsrlik tarixi köklərə əsaslanır. Hər iki ölkənin ənənəvi səmimi dostluq münasibətləri mövcuddur. Dövlət müstəqilliyi əldə edən hər iki respublikanın ikitərəfli əlaqələri Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə Ukraynaya səfərindən sonra inkişaf mərhələsinə daxil olub. Prezident İlham Əliyevin Ukraynaya səfərləri də mühüm siyasi əhəmiyyət daşıyıb. Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcək.

Deputat bildirib ki, Azərbaycan və Ukrayna güclü regional tərəfdaş kimi beynəlxalq təşkilatlarda da birgə fəaliyyət göstərir. BMT, ATƏT, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. İki ölkə arasında Birgə Bəyannamənin, eləcə də strateji əməkdaşlığın inkişafına dair siyasi sənədlərin imzalanması əlaqələrin yüksək zirvəyə çatması üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan müstəqil dövlətdir, xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini öz milli maraqlarına uyğun qurur və həyata keçirir. Bu əlaqələr heç bir zaman başqa ölkələrə qarşı yönəlməyib. Azərbaycan bütün ölkələlərin ərazi bütövlüyünün və suverenliyinin tərəfdarıdır. Bu, beynəlxalq hüququn təməl prinsiplərindən biridir. Bu prinsiplərə riayət olunmadığı halda təhlükəsizlik, əməkdaşlıq, sülh şəraitində birgəyaşayış mümkünsüz hala gəlir. Azərbaycan ərazi bütövlüyünün pozulmasından onillər boyu əziyyət çəkib. Ona görə də bu prinsiplərə riayət olunmasının vacibliyini yaxşı dərk edir. Azərbaycan Ukrayna ilə Rusiya arasında münaqişədə hər hansı bir formada iştirak etmir, hərbi komponentlərdən tamamilə uzaqdır.

Azərbaycanın humanitar siyasəti

Samir Vəliyev qeyd edib ki, liderlər müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, energetika sahəsində əməkdaşlığı da diqqət mərkəzində saxlayıblar. Dövlətimizin başçısının dediyi kimi, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var.

Nəzərə alaq ki, Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar dəstək bir neçə mərhələni əhatə edir. Müharibənin ilk aylarından etibarən enerji avadanlıqları, tibbi ləvazimatlar və ərzaq məhsulları göndərilib. Sonrakı dövrlərdə elektrik infrastrukturunun bərpasına dəstək məqsədilə generatorlar və transformatorlar təqdim olunub, eyni zamanda, sosial obyektlərin fəaliyyətinin təmin edilməsi üçün əlavə yardımlar ayrılıb. Bununla yanaşı, Azərbaycanın dövlət şirkətləri və humanitar qurumları vasitəsilə Ukraynada məktəblərin, xəstəxanaların və digər vacib obyektlərin ehtiyaclarının qarşılanmasına töhfə verilib. Həm də çoxlu sayda ukraynalı uşaq reabilitasiya məqsədilə ölkəmizə gətirilib. Beləliklə, Azərbaycan beynəlxalq münasibətlər sistemində humanizm prinsiplərinə əsaslanan siyasət yürüdərək həm neytral mövqeyini qoruyur, həm də ehtiyac duyan tərəflərə humanitar dəstəyini davam etdirir. Bu yanaşma ölkənin xarici siyasətində insan amilinə verilən önəmin bariz nümunəsi kimi çıxış edir.

Azərbaycanın vasitəçilik təcrübəsi yeni sülh imkanları yaradır

“Ukrayna lideri mətbuata bəyanatında çıxışı zamanı Rusiya ilə danışıqlar prosesinin Azərbaycanda da keçirilməsi imkanlarına toxunub. Əlbəttə, ölkəmizin bu istiqamətdə çox yaxşı təcrübəsi var. Azərbaycan vaxtilə bir birinə əks mövqedə olan NATO və Rusiya yüksəksəviyyəli nümayəndə heyətlərinin, İsrail və Suriya nümayəndələrinin görüşlərinə ev sahibliyi edib. Bu baxımdan, Bakı Rusiya-Ukrayna sülh danışıqlarına da uğurla ev sahibliyi edə bilər”, – deyə Samir Vəliyev vurğulayıb.

Beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase bildirib ki, Avropa İttifaqı liderləri cəsarətli addımlar atmaqda və Avropa iqtisadiyyatının Fars körfəzindən gələn neft və qazdan asılılığının kökündə dayanan amilləri dərk etməkdə aciz qaldıqları bir vaxtda, Azərbaycan ilə Ukrayna iqtisadi, mədəni və humanitar müttəfiqliyini gücləndirməkdə davam edir.

Bakı ilə Kiyev arasındakı ikitərəfli tərəfdaşlıq hər iki tərəf üçün unikal imkandır

“Humanitar sahədə Azərbaycan hökuməti Ukrayna xalqına qarşı həddindən artıq səxavətli olub. Belə ki, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Azərbaycandan Ukraynaya humanitar yardımlar göndərilib.

Dəyəri 1 milyon ABŞ dollarından çox olan bu yük Ukraynanın müharibədən zərər çəkmiş bölgələrində enerji infrastrukturunun bərpasına dəstək olmaq üçün nəzərdə tutulan aşağı gərginlikli panellər, generatorlar, kabellər və naqillər, transformatorlar daxil olmaqla zəruri elektrik avadanlıqlarından ibarət idi.

2022-ci ilin fevralından bəri Azərbaycan tərəfindən Ukraynaya göstərilən ümumi humanitar dəstək 45 milyon ABŞ dollarını keçib.

Ekspert əlavə edib ki, Qəbələyə bu rəsmi səfər Prezident Zelenskinin 2022-ci ildə bəri Cənubi Qafqaza ilk səfəridir.

Əvvəlki Yazı

“Sülh və Barışıq üçün Gernika mükafatı” Prezident İlham Əliyevin sülhə xidmətlərinin beynəlxalq qiymətləndirilməsidir

Növbəti Yazı

Beynəlxalq Xalça Festivalı günlərində Bakıda çoxsaylı sərgilər açılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.