Filippin, ABŞ, Avstraliya və Yeni Zelandiya hərbçiləri Çinlə mübahisəli adaların yerləşdiyi Cənubi Çin dənizinin sahillərində HIMARS çoxsaylı buraxılışlı raket sistemləri və digər silahlardan istifadə edərək amfibiya əleyhinə əməliyyat keçiriblər. Bu barədə Filippin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Romeo Brawnerə istinadən “Manila Bulletin” qəzeti məlumat yayıb.
“Biz amfibiya desantına qarşı əməliyyatı simulyasiya etdik. Düşmən qüvvələrinin sahilə enmək niyyətində olduğunu güman etdik. Bu ərazi çox vacibdir, çünki bildiyimiz kimi, Palavan əyaləti Spratli adalarının yerləşdiyi Cənubi Çin dənizi ilə yuyulur”, – deyə o bildirib.
Nəşrin məlumatına görə, təlim Balikatan təliminin bir hissəsi idi. HIMARS-dan əlavə, hərbçilər FA-50 qırıcı təyyarələrindən, dronlardan, artilleriyadan, minaatanlardan, yüngül zirehli maşınlardan, tank əleyhinə sistemlərdən və ağır pulemyotlardan istifadə ediblər. İştirakçılar düşməni aşkar etməyi və eniş etdikdən sonra çimərlikdə möhkəmlənməsinin qarşısını almağı məşq ediblər.
Balikatan təlimləri 20 aprel – 8 maya qədər Filippində keçirilir. Manevrlərdə Filippin, ABŞ, Avstraliya, Kanada, Fransa, Yaponiya və Yeni Zelandiyadan 17 mindən çox hərbçi iştirak edir. Qoşunlar hava və raketdən müdafiə, sualtı qayıqlara qarşı müharibə və düşmən gəmilərinə desant qoşunları göndərmək və digər sahələrdə təlim keçirlər. (Tass)
