May 1, 2026-19:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Böyük alim və ziyalılıq nümunəsi

2026:04:28 - 17:34
in SİYASƏT
A A

XX əsr Azərbaycan tarixinin ən parlaq yaradıcı simaları sırasında xüsusi yer tutan, görkəmli elm və səhiyyə xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyeva öz zəngin elmi irsi, milli-mənəvi dəyərlərə sədaqəti, yenilikçiliyi və yüksək humanist keyfiyyətləri ilə xalqımızın yaddaşında əbədi iz qoyub. Onun adı ictimai fikir tariximizdə daim dərin ehtiramla xatırlanan, zamanın sınağından çıxan nadir şəxsiyyətlər sırasında qızıl hərflərlə həkk olunub.

Zəngin ziyalı ənənələrinə malik bir ailənin davamçısı kimi yetişən Zərifə xanım dünya tibb elminə mühüm töhfələr vermiş böyük oftalmoloq olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana kimi də örnək bir həyat yolu keçib, Ulu Öndərin ən yaxın silahdaşı olub, Vətəni Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə çatdırıb, Böyük Zəfərimizin müəllifi olmuş Prezident İlham Əliyevi yetirib, onun şəxsiyyət kimi formalaşmasında ana kimi mühüm rol oynayıb.

Onun həyatının hər mərhələsi yüksək mənəviyyatın, müdrikliyin, insanpərvərliyin təcəssümüdür. Fitri istedadı, geniş dünyagörüşü və güclü intellekti ilə seçilən bu görkəmli alim bütün ömrünü insanların, insanlığın rifahına və xoşbəxtliyinə həsr edib.

Bu sözlər Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun “Böyük alim və ziyalılıq nümunəsi” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Nuru qoruyan

Akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində, Azərbaycan tarixində nəcib izlər qoymuş görkəmli dövlət xadimi, əməkdar həkim, professor Əziz Əliyevin ailəsində dünyaya gələrək boya-başa çatıb. Sonradan köçüb yaşamağa başladıqları Bakıda orta məktəbi bitirəndə tarixin gərgin bir dövrü idi. Bəşəriyyət İkinci Dünya müharibəsi kimi çətin bir sınaqdan keçirdi. Belə bir vaxtda orta məktəbi başa vuran Zərifə Əliyeva həyat yolunu insan sağlamlığının qorunmasına həsr etmək qərarını verdi. Bu məqsədlə o, Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil oldu. 1947-ci ildə ali təhsilini uğurla başa vurduqdan sonra isə Moskvada yerləşən Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə biliklərini daha da dərinləşdirməyə başladı. Elmi tədqiqata böyük sevgi, bağlılıq Zərifə Əliyevanı tezliklə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Oftalmologiya İnstitutuna gətirdi və o, 1949-cu ildən burada fəaliyyətə başladı. Aspirantura mərhələsini 1950–1953-cü illərdə müvəffəqiyyətlə tamamlayıb sonrakı illərdə həmin institutda böyük elmi işçi kimi fəaliyyət göstərdi.

XX əsrin ortalarında respublikada geniş yayılmış traxoma xəstəliyi ciddi sosial bəlaya çevrilmişdi. Səmərəli müalicə üsullarının hələ tam formalaşmadığı həmin dövrdə bu xəstəliklə mübarizə təkcə oftalmoloqlar üçün deyil, bütövlükdə səhiyyə sistemi üçün strateji əhəmiyyət daşıyırdı. Zərifə Əliyeva traxomanın qarşısının alınması və müalicəsi istiqamətində həyata keçirilən tədbirlərin ön sıralarında yer alırdı. O, yalnız elmi araşdırmalarla kifayətlənmir, eyni zamanda, xəstəliyin geniş yayıldığı bölgələrə səfərlər edir, həkimlər üçün mühazirələr oxuyur, əhali arasında maarifləndirmə işləri apararaq praktik səhiyyə sahəsində əvəzsiz xidmətlər göstərirdi. O illərdə Zərifə xanım fədakar əməyi ilə nə qədər insanın gözünün nurunu qorumuşdu.

Unudulmaz müəllim

Zamanın çağırışları Zərifə Əliyevanın elmi axtarışlarının istiqamətini də müəyyənləşdirmişdi. Onun tədqiqatları xüsusilə traxomanın müalicəsi və ağırlaşmalarının aradan qaldırılması yollarına həsr olunmuş, gənc alim həmin dövr üçün yeni sayılan sintomisin antibiotikinin tətbiq imkanlarını dərindən araşdırmışdı. Gəldiyi elmi nəticələri o, 1960-cı ildə “Traxomanın sintomisinlə digər terapiya üsulları ilə birgə müalicəsi” mövzusunda namizədlik dissertasiyasında uğurla təqdim edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görüldü. 1963-cü ildə isə ona oftalmologiya ixtisası üzrə baş elmi işçi adı verildi.

Zərifə xanımın elmi-pedaqoji fəaliyyətinin yeni mərhələsi 1967-ci ildən başladı. Həmin il Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent kimi dəvət olundu və ömrünün sonunadək bu elm ocağında çalışdı. 1983-cü ildə isə o, kafedraya rəhbərlik etməyə başladı. Bu dövrdə alim yalnız nəzəri fəaliyyətlə kifayətlənmir, eyni zamanda, mürəkkəb cərrahi əməliyyatlar aparır, xəstələrin müalicəsində birbaşa iştirak edir, onların sağlamlığı üçün səylərini əsirgəmirdi. Zərifə xanımın fəaliyyəti oftalmoloji xidmətin təşkili, mütəxəssislərin hazırlanması, ixtisasartırma prosesinin təkmilləşdirilməsi kimi geniş sahələri əhatə edirdi.

Zərifə Əliyevanın ən böyük xidmətlərindən biri də yüksəkixtisaslı kadrların yetişdirilməsinə verdiyi töhfələrdir. Onun rəhbərliyi ilə gənc alimlərin və oftalmoloq həkimlərin bütöv bir nəsli formalaşmış, zəngin elmi təcrübə və praktik biliklər yeni nəslə ötürülmüşdür. O, tələbələrinə yüksək diqqət və qayğı ilə yanaşaraq onları peşəkar, məsuliyyətli mütəxəssislər kimi yetişdirirdi. Ümumilikdə, Zərifə xanım ətrafına istedadlı və savadlı gəncləri cəlb etməklə elmi-tədqiqat mühitini uğurla təşkil edirdi. 1977-ci ildə onun təşəbbüsü ilə Bakıda keçirilən Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu yüksək təşkilatçılıq bacarığı tələb edən mühüm hadisə idi və bu məsuliyyətli işi alim uğurla həyata keçirmişdi. Həmin toplantı həm Azərbaycanda, həm də keçmiş ittifaq məkanında oftalmologiya sahəsinin inkişafına, elmi və pedaqoji kadrların hazırlanmasına ciddi təkan verdi.

Əbədiyaşar əsərlər müəllifi

Milli oftalmologiya məktəbinin formalaşmasında müstəsna rol oynamış Zərifə Əliyeva 1968-ci ildən etibarən görmə orqanının peşə patologiyalarının öyrənilməsini fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirmiş, bu sahədə irəli sürdüyü yeni elmi yanaşmalarla beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb etmişdir. Onun uzun illər apardığı müşahidə və klinik araşdırmaların nəticələri 1976-cı ildə Moskvada nüfuzlu M.Helmholts adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasında ümumiləşdirilmişdir. Bu uğurun davamı olaraq, bir il sonra ona professor elmi adı verilmiş, 1983-cü ildə isə elmi və təşkilati fəaliyyətində qazandığı mühüm nəticələrə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Oftalmologiyanın müxtəlif sahələrini əhatə edən 150-dən artıq elmi məqalənin, 14 monoqrafiyanın müəllifi kimi onun zəngin elmi irsi bu gün də aktuallığını qoruyur, yazdığı əsərlər və monoqrafiyalar müasir oftalmoloqlar üçün etibarlı istinad mənbəyi kimi istifadə olunur.

Akademikin çoxillik tədqiqatları nəticəsində istehsalat mühitində aşağı intensivlikli zərərli amillərin görmə orqanına təsir mexanizmləri ilk dəfə sistemli şəkildə araşdırılmış, mühüm qanunauyğunluqlar üzə çıxarılmışdır. Zərifə xanımın elmi maraq dairəsi olduqca geniş idi. Traxomanın klinik xüsusiyyətlərindən başlayaraq görmə orqanının fiziologiyası, peşə xəstəlikləri fonunda yaranan göz patologiyalarının profilaktika və müalicəsi, kimya sənayesində çalışanların görmə sağlamlığı, virus mənşəli göz xəstəlikləri, o cümlədən ağır konyuktivitlər, gözün hidrodinamik sistemi, müasir cərrahiyyə üsulları ilə müalicə metodları, şəkərli diabet zamanı yaranan göz fəsadları, terapevtik oftalmologiya, iridodiaqnostika və qlaukoma kimi problemlər daim onu düşündürürdü.

Böyük alim göz travmalarının nəticələrinin cərrahi müalicəsində istifadə olunan mövcud metodları dərindən təhlil etmiş, onların daha effektiv şəkildə tətbiqi üçün praktik əhəmiyyət daşıyan təkliflər irəli sürmüşdür. Zərifə xanım Əliyevanın həmmüəllifi olduğu “Terapevtik oftalmologiya”, “İridologiyanın əsasları”, “Oftalmologiyanın aktual məsələləri” kimi monoqrafiyalar isə həm həkimlər, həm də müəllim və tələbələr üçün aktuallığını hər zaman qoruyur.

Yenilikçi elm xadimi

1977-ci ildə Bakıda keçirilən Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumunda Zərifə Əliyevanın təşəbbüsü ilə görmə orqanının peşə patologiyalarının öyrənilməsi üzrə ixtisaslaşmış elmi-tədqiqat laboratoriyasının yaradılması ideyası dəstəklənib. Bunun nəticəsi olaraq Bakı Məişət Kondisionerləri Zavodunda nadir elmi mərkəz fəaliyyətə başlayıb, burada klinik və funksional diaqnostika ilə yanaşı, cərrahi xidmət də təşkil olunub.

Zərifə Əliyevanın görmə orqanına ətraf mühit amillərinin təsir mexanizmlərini və qanunauyğunluqlarını araşdıran fundamental tədqiqatları tibb elminin sərhədlərini genişləndirərək biotibb və xüsusilə Fiziologiya kimi multidisiplinar istiqamətlərin bu sahəyə inteqrasiyasını zəruri edib. Məhz bu elmi yanaşma onun fəaliyyət yolunun mühüm bir hissəsini akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə sıx bağlayıb. Alimin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1979-cu ildə burada keçmiş SSRİ məkanında ilk dəfə olaraq görmə orqanının fiziologiyası və peşə patologiyası üzrə ixtisaslaşmış laboratoriya yaradılıb.

Zərifə Əliyeva elmdə ilk dəfə olaraq yod və şin sənayesində çalışan işçilərdə görmə orqanının peşə xəstəliklərini sistemli şəkildə tədqiq edib, onların profilaktikasına dair konkret elmi-praktik tövsiyələr irəli sürüb. Onun analoqu olmayan genişmiqyaslı araşdırmaları respublikanın ondan artıq iri sənaye müəssisəsini, o cümlədən neftayırma zavodlarını əhatə edib, 4000-dən çox fəhlə və mütəxəssis bu tədqiqatlara cəlb olunub. Bu işlər, əslində, elmlə istehsalatın qarşılıqlı əlaqəsinin necə qurulmalı olduğunu nümayiş etdirən nümunəvi model kimi qiymətləndirilməlidir.

Apardığı tədqiqatların yüksək elmi nəticələri, tibb elminə, insan sağlamlığına töhfələri öz layiqli dəyərini alıb, akademik Zərifə Əliyeva 1981-ci ildə qadın alimlər arasında ilk dəfə olaraq oftalmologiya sahəsində ən nüfuzlu mükafatlardan biri ilə – M.İ.Averbax adına mükafatla təltif edilib.

Zərifə Əliyeva oftalmoloji müayinələrin ənənəvi üsulları ilə kifayətlənməyərək, elmi praktikaya ilk dəfə geniş şəkildə elektrofizioloji metodların tətbiqinə də öncüllük edib. Onun təşəbbüsü ilə toksik maddələrlə təmasda olan işçilər üzərində aparılan elektroretinoqrafiya, elektrookuloqrafiya və reooftalmoqrafiya kimi müayinələr torlu qişanın hüceyrə strukturlarında baş verən funksional dəyişikliklərin erkən mərhələdə müəyyənləşdirilməsinə imkan yaradıb. Paralel şəkildə həyata keçirilən eksperimental araşdırmalar isə zərərli kimyəvi və fiziki amillərin torlu qişanın fəaliyyətinə, sərbəst radikal proseslərinə və neyromediator balansına təsirini üzə çıxarıb. Bu nəticələr bu gün də elmi ictimaiyyət üçün aktuallığını qoruyur.

Əvvəlki Yazı

Azərbaycanın müstəqil və balanslaşdırılmış siyasəti onu diplomatik mərkəzə çevirib

Növbəti Yazı

İrpendə Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.