“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, səfirliyin diplomatları, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivi, İrpen və Borodyanka şəhər meriyasının rəhbərliyi, 12 saylı “Linqvist” liseyinin müəllim və şagirdləri, diaspor üzvləri tərəfindən Zərifə Əliyevanın İrpen şəhərindəki büstü önünə çiçəklər düzülüb, xatirəsinə ehtiram ifadə olunub.
Səfir Seymur Mərdəliyev Zərifə Əliyevanın zəngin həyat təcrübəsindən, iki ölkə arasında dostluq münasibətlərindən, dövlətimizin İrpenin bərpasına göstərdiyi dəstəkdən danışıb.
İrpen şəhər merinin səlahiyyətlərini icra edən Anjela Makeyeva isə çıxışında bildirib ki, Zərifə Əliyeva tək Azərbaycanda deyil, həm də Ukraynada daim yad edilir:
“Azərbaycan xalqı ilə birlikdə görkəmli oftalmoloq Zərifə xanımın xatirəsini doğum günündə ehtiramla yad etmək, gül dəstələri qoymaq bizim üçün şərəfdir. Dost Azərbaycan xalqından bizə kömək gəlməkdə davam edir. Azərbaycan bu çətin gündə bizimlə çiyin-çiyinə olduğu üçün Azərbaycan dövlətinə, xalqına təşəkkürümü bildirirəm”.
Sonra akademik Zərifə Əliyeva adına 12 saylı “Linqvist” liseyin şagirdləri Azərbaycan dilində şeirlər və musiqi səsləndiriblər.
Tədbir çərçivəsində İrpen şəhər Meriyası tərəfindən qardaşlaşmış Laçın rayonuna bağışlanan kitablarla tanış olunub. Azərbaycanın Ukraynadakı səfirliyinin və SOCAR-ın Ukraynadakı nümayəndəliyinin birgə təşəbbüsü ilə akademikin adını daşıyan “Dostluq” parkında ağacəkmə aksiyası keçirilib. Parkın müxtəlif hissələrinə sakura ağacları əkilib.
Tədbirin sonunda iştirakçılar 12 saylı “Linqvist” liseyinə gələrək akademik Zərifə Əliyevanın adını daşıyan muzeydə olublar.
