Azərbaycan dünya birliyində çoxşaxəli xarici siyasət kursu aparan ölkə kimi tanınır. Biz həm yaxın qonşularımızla, həm dünyanın müxtəlif bölgələrində Azərbaycanla əməkdaşlığa marağı olan ölkələrlə bir çox uğurlu layihələrdə əməkdaşlıq təcrübəsi ilə tanınırıq. Bu gün Avropa İttifaqının 10 ölkəsi Azərbaycan təbii qazını alır. Azərbaycan elektrik enerjisi Cənubi Avropanın bir neçə ölkəsinə ötürülür və bunların sayı artmaqdadır. Birgə layihələrimiz kifayət qədərdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O bildirib ki, humanitar sahədə, beynəlxalq təhlükəsizlik məsələlərində də əməkdaşlığımız kifayət qədər tanınır. Son günlər Avropanın üç nüfuzlu ölkə rəhbəri Azərbaycana səfər edib. Bu isə özlüyündə Avropa ölkələrinin Azərbaycanla əlaqələrə xüsusi diqqət yetirdiyini göstərir. Ənənəvi əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi, birgə müəssisələrin yaradılması, humanitar sahədə əməkdaşlıq da bu qəbildən olan məsələlərdir.
Deputat, həmçinin qeyd edib ki, bu səfərlər zamanı, eyni zamanda, Azərbaycanın bir sıra aktual məsələlər üzrə mövqeyi nəzərə alınır. Yaxın zamanlarda İtaliya Baş nazirinin də Azərbaycana səfəri gözlənilir. İtaliya ilə bizim sıx əməkdaşlığımız var. İtaliya Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşan ölkələrdən biri kimi tanınır. Azərbaycan-İtaliya münasibətləri gündən-günə dərinləşir. Ölkəmizdə Azərbaycan-İtaliya Universitetinin açılışı da bu yaxşı münasibətlərin, genişlənən əməkdaşlığın bir nümunəsidir.
