Bakı Enerji Forumunun keçirilməsi, sadəcə, müəyyən bir mövzu və ya sahə üzrə konfransın təşkili demək deyil. Bu Forumun əhatə dairəsi daha genişdir və onun geoiqtisadi, geosiyasi və strateji əhəmiyyəti xüsusi diqqət çəkir. Məhz buna görə də əminliklə demək olar ki, Bakı Enerji Forumu ölkəmizin beynəlxalq nüfuzunun gücləndirilməsi, xarici sərmayələrin cəlb olunması, həmçinin ənənəvi və yaşıl enerji sahələrində yeni layihələrin təşviqi baxımından mühüm enerji diplomatiyası alətidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
O qeyd edib ki, Forum həm siyasi, həm də geosiyasi baxımdan Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Bu platforma ölkəmizin Avrasiya məkanında mühüm enerji mərkəzi kimi mövqeyini nümayiş etdirməsinə imkan yaradır. Artıq ənənə halını almış bu tədbirdə çoxsaylı beynəlxalq təşkilatlar, iri enerji şirkətləri, korporasiyalar və investorlar iştirak edirlər. Forumda Avropanın, Cənubi Qafqazın, Xəzər və Qara dəniz hövzələrinin enerji təhlükəsizliyi ilə bağlı aktual məsələləri ətrafında geniş müzakirələr aparılır. “Xüsusilə nəzərə alsaq ki, Avropanın üzləşdiyi enerji problemlərinin həllində Azərbaycandan ixrac olunan təbii qaz mühüm rol oynayır, bu zaman Forumun əhəmiyyəti daha da artır. Təsadüfi deyil ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlığa dair mühüm sənəd imzalanıb və bu gün Avropa İttifaqına üzv olan bir sıra ölkələr Azərbaycanı strateji tərəfdaş kimi qiymətləndirirlər. Yeni marşrutların və layihələrin meydana çıxması da məhz bu Forum çərçivəsində aparılan müzakirələrin aktuallığını artırır”, – deyə deputat qeyd edib.
Azər Allahverənov son illər Forumun gündəliyində yaşıl enerji məsələlərinin də mühüm yer tutduğuna diqqət çəkərək deyib: “Əgər əvvəlki dövrlərdə əsas diqqət neft və qaz sektoruna yönəlirdisə, artıq yaşıl enerjiyə keçid, bu keçidi sürətləndirən texnologiyaların tətbiqi və enerji sektorunda innovativ həllər əsas müzakirə mövzularından birinə çevrilib. Günəş, külək və hidroenergetika sahələrində Azərbaycanın əldə etdiyi nəticələrin beynəlxalq ictimaiyyətə təqdim olunması, bu uğurlar əsasında yeni layihələrin formalaşdırılması, dekarbonizasiya prosesləri, rəqəmsal energetika və süni intellektin enerji sektorunda tətbiqi kimi istiqamətlər Forumun diqqət mərkəzindədir.
Bakı Enerji Forumu bütövlükdə Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsinə xidmət edən mühüm platformadır. Bu tədbir vasitəsilə Azərbaycan yalnız karbohidrogen resurslarının təchizatçısı kimi deyil, həm də bərpaolunan enerjiyə keçidi dəstəkləyən və gələcəkdə yaşıl enerji ixracatçısına çevrilməyi hədəfləyən dövlət kimi özünü təqdim edir. Bu isə ölkəmizin beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsinə və enerji sahəsində etibarlı tərəfdaş kimi qəbul olunmasına töhfə verir”.
