Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.
Onun sözlərinə görə, bu kontekstdə Azərbaycanın seçdiyi model xüsusi diqqət çəkir. Rəsmi Bakı bir tərəfdən neft və qaz ehtiyatlarından səmərəli istifadə edir, digər tərəfdən isə bərpaolunan enerji sahəsinə böyük həcmdə investisiyalar yatırır. Bu yanaşma enerji keçidinin radikal deyil, mərhələli və praqmatik şəkildə həyata keçirilməsinin mümkünlüyünü nümayiş etdirir. Əslində, Azərbaycanın enerji siyasəti hazırda bir çox inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi təqdim olunur.

Ülviyyə Zülfiqar qeyd edib ki, çıxışın digər mühüm hissəsi son otuz ildə Azərbaycanın keçdiyi inkişaf yolunun enerji strategiyası ilə əlaqələndirilməsi olub. “1990-cı illərin əvvəllərində ciddi sosial-iqtisadi problemlərlə üzləşən ölkənin bu gün regional investor və enerji ixracatçısına çevrilməsi təsadüfi deyil. Enerji gəlirlərinin infrastrukturun, sosial sahələrin, müdafiə potensialının və insan kapitalının inkişafına yönəldilməsi uzunmüddətli dövlət siyasətinin nəticəsi kimi ortaya çıxıb. Azərbaycanın enerji sektorundakı uğurlarını yalnız iqtisadi göstəricilərlə ölçmək kifayət deyil. Bu siyasət ölkənin beynəlxalq nüfuzunun artmasına, tərəfdaş ölkələrlə münasibətlərin dərinləşməsinə və regional əməkdaşlıq formatlarının genişlənməsinə də xidmət edib. Bu gün Azərbaycan qazının Avropadan Balkanlara qədər geniş coğrafiyaya nəql olunması ölkənin strateji əhəmiyyətini artıran əsas amillərdəndir”, – deyə siyasi şərhçi qeyd edib.
O, Prezident İlham Əliyevin diqqət çəkdiyi digər vacib məqamlardan birinin Azərbaycanın artıq yalnız enerji ixracatçısı deyil, həm də investor dövlətə çevrilməsi ilə bağlı olduğunu bildirib.
“SOCAR-ın müxtəlif regionlarda həyata keçirdiyi layihələr Azərbaycanın iqtisadi təsir imkanlarının genişləndiyini göstərir və ölkənin beynəlxalq iqtisadi münasibətlər sistemində yeni mərhələyə keçdiyini nümayiş etdirir. Qlobal enerji bazarında rəqabətin artdığı, yeni enerji marşrutlarının formalaşdığı bir dövrdə Azərbaycanın təcrübəsi göstərir ki, təbii sərvətlər yalnız düzgün idarə olunduğu halda uzunmüddətli inkişaf mənbəyinə çevrilə bilər. Bakı Enerji Həftəsində səsləndirilən mesajlar da məhz bu yanaşmanın gələcək illərdə davam etdiriləcəyini göstərir”, – deyə Ü.Zülfiqar əlavə edib.
