Praqada 60 ölkənin nümayəndələrini bir araya gətirən ənənəvi “Food and Culture” səfirliklər festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə gələn qonaqlar müxtəlif xalqların mədəniyyəti, adət-ənənələri və milli mətbəxi ilə tanış olmaq imkanı qazanıblar.
Festivalın açılışı xüsusilə duyğulu anlarla yadda qalıb. Azərbaycan dili Bazar günü məktəbinin 9 yaşlı şagirdi Məryəm Çobanova milli geyimdə Emin Sabitoğlunun musiqisinə, Fikrət Qocanın sözlərinə yazılmış mahnını gitarada ifa edərək bayrama səmimi və xoş ab-hava bəxş edib.
Daha sonra festivalın təşkilatçıları, Praqanın 6 rayonunun meri Yakub Starek, rəsmi şəxslər və iştirakçı ölkələrin səfirləri tədbir iştirakçılarını və qonaqları salamlayıblar. Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyev qonaqları Azərbaycan pavilyonunu ziyarət etməyə, milli mədəniyyətlə tanış olmağa, Azərbaycan mətbəxinin təamlarını və məşhur nar şərabını dadmağa dəvət edib.
Gün ərzində festivalı Çexiya paytaxtının minlərlə sakini və qonağı ziyarət edib. İş adamları Ceyhun Babayev, Oqtay Hacıyev və Gülnarə Əlizadənin hazırladığı Azərbaycan guşəsi ən çox maraq göstərilən və ən canlı məkanlardan biri olub. Ziyarətçilər Azərbaycan mədəniyyəti ilə böyük maraqla tanış olub, kabab, qutab, milli şirniyyatlar, nar şərabı və digər ənənəvi təamlardan məmnuniyyətlə dadıblar.
Festival növbəti dəfə mədəni müxtəlifliyin və xalqlar arasında dostluğun parlaq bayramına çevrilib. Azərbaycanın festivalda iştirakı qonaqlara ölkənin zəngin mədəni irsini, qonaqpərvərlik ənənələrini və milli mətbəxinin rəngarəngliyini təqdim etməyə imkan verib.
