Rəqəmsallaşma qida təhlüksəsizliyi sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) vasitəsilə idxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri tam şəkildə elektron müstəviyə daşınıb. Bu gün xidmətlərin təxminən 90 faizi rəqəmsal formada təqdim olunur ki, bu da şəffaflığın və operativliyin əhəmiyyətli dərəcədə yüksəldilməsinə şərait yaradır
Eyni zamanda qeyd edilib ki, qida təhlükəsizliyi mədəniyyətinin formalaşması üçün elm, təhsil və maarifləndirmə prioritet istiqamətlərdən biridir: ““Sağlam məktəbli”, “Sözdən əmələ keç, sağlam qidalanmanı seç”, “Erkən kəsimə son!”, “Doğru seçim, yüksək nəticə”, “AQTA hara baxır?” kimi layihələr əhalinin müxtəlif hədəf qrupları arasında qida təhlükəsizliyi, sağlam qidalanma vərdişləri və istehlakçı məsuliyyəti barədə biliklərin artırılmasına, təhlükəsiz qida istehlakı mədəniyyətinin formalaşdırılmasına və ictimai maarifləndirmənin gücləndirilməsinə xidmət edir.
Qeyd edilib ki, AQTA tərəfindən qida təhlükəsizliyi sahəsində kompleks, risk əsaslı və sistemli tədbirlər uğurla davam etdirilir. Qarşıdakı dövrdə nəzarətin gücləndirilməsi, rəqəmsallaşmanın dərinləşdirilməsi və vətəndaşların maarifləndirilməsi əsas prioritetlər olaraq qalacaq.
