AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan tarix elminin görkəmli nümayəndələrindən biri, Manna tarixinin tanınmış tədqiqatçısı Solmaz Qaşqayın anadan olmasının 90 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbiri açan institutun elmi işlər üzrə direktor müavini dosent İlqar Niftəliyev Solmaz Qaşqayın Azərbaycan tarix elminin inkişafında, qədim Azərbaycan dövlətçilik tarixinin öyrənilməsində xüsusi rol oynadığını bildirib. Solmaz Qaşqayın zəngin elmi irsinin gələcək nəsillər tərəfindən öyrənilməsinin vacibliyini vurğulayan İlqar Niftəliyev deyib ki, alimin Manna dövlətinin siyasi, iqtisadi və mədəni tarixinin araşdırılmasına həsr olunan fundamental tədqiqatları bu gün də öz aktuallığını qoruyur və tarixçilər üçün dəyərli mənbə sayılır.
Sonra tarix elmləri doktoru, dosent Allahverdi Əlimirzəyevin “İzirtu və Şimerrihadir: Manna dövlətinin siyasi və dini mərkəzləri” və elmi işçi Həmid Quliyevin “Qılzan: Qərbi Urmiya hövzəsinin son müstəqil siyasi qurumu” mövzularında məruzələri dinlənilib.
Tədbirdə uzun illər Solmaz Qaşqayla birgə işləmiş alimlər, tədqiqatçılar onun yüksək insani keyfiyyətlərindən, elmə sonsuz bağlılığından və gənc tədqiqatçılara göstərdiyi qayğıdan söhbət açıblar. Çıxışlarda vurğulanıb ki, Solmaz Qaşqay yalnız dəyərli alim kimi deyil, həm də səmimi, qayğıkeş və prinsipial insan kimi həmkarlarının yaddaşında dərin iz qoyub.
Dəyirmi masada Solmaz Qaşqayın Azərbaycan tarixinin qədim dövrlərinin araşdırılmasına verdiyi töhfələr, Manna dövlətinin tarixinin öyrənilməsi istiqamətində apardığı fundamental tədqiqatlar və elmi məktəbin formalaşmasındakı rolu xüsusi vurğulanıb. Çıxışçılar Solmaz Qaşqayın Azərbaycan tarix elminə verdiyi misilsiz töhfələri yüksək qiymətləndirib, onun elmi irsinin gələcək nəsillər üçün qiymətli mənbə olduğunu bildiriblər.
