Milli Qurtuluş Günü təkcə tarixi bir hadisə deyil, həm də Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli birliyinin və gələcəyə inamının təntənəsidir. Bu gün xalqımızın taleyində dönüş nöqtəsi olmaqla yanaşı, müstəqil Azərbaycan dövlətinin xilası və inkişafının başlanğıcı kimi tarixə həkk olunub.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası sonrakı illərdə ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üzləşmişdi. Həmin mürəkkəb dövrdə Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi real xarakter almışdı, xalq ölkənin taleyi naminə qətiyyətli liderə böyük ehtiyac duyurdu. Dövlətçiliyin qorunması və milli maraqların təmin olunması məsələsi ölkənin qarşısında duran ən vacib vəzifəyə çevrilmişdi.
Belə bir şəraitdə xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdı. Xalqın etimadı və ümidi məhz Heydər Əliyevin şəxsiyyətində təcəssüm edirdi. Onun siyasi səhnəyə qayıdışı Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Ulu Öndərin rəhbərliyə qayıdışı ilə ölkənin gələcəyinə inam yenidən bərpa edildi və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru Aynel Məşədiyeva bildirib. O qeyd edib ki, Heydər Əliyevin rəhbərliyə qayıdışından sonra ölkədə sabitliyin təmin edilməsi, vətəndaş qarşıdurmasının qarşısının alınması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müstəqilliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olaraq sabitlik və tərəqqi yoluna qədəm qoydu. Qısa müddət ərzində ictimai-siyasi sabitlik bərpa edildi, dövlət institutlarının fəaliyyəti gücləndirildi və ölkənin gələcək inkişafı üçün möhkəm zəmin yaradıldı.
Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasəti və genişmiqyaslı islahatlar ölkənin uzunmüddətli inkişafı üçün möhkəm əsas yaratdı. Dövlətçilik prinsiplərinə söykənən bu siyasət Azərbaycanın müasir inkişaf modelinin əsasını təşkil etdi və gələcək uğurların təməlini qoydu. Məhz həmin dövrdə müəyyənləşdirilən inkişaf konsepsiyası sonrakı illərdə ölkəmizin hərtərəfli tərəqqisinin başlıca təminatçısına çevrildi.
Alim vurğulayıb ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsində və ölkənin qlobal mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynayıb. “Əsrin müqaviləsi” yalnız iqtisadi layihə deyil, həm də Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmasının mühüm rəmzi idi. Bu strateji qərar ölkənin iqtisadi müstəqilliyinin möhkəmlənməsinə və gələcək inkişaf perspektivlərinin genişlənməsinə əhəmiyyətli töhfə verdi.
Müsahibimiz bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji inkişaf kursu bu gün də uğurla davam etdirilir. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi, beynəlxalq nüfuzunun artması, dövlət suverenliyinin daha da möhkəmləndirilməsi və milli maraqlarının etibarlı şəkildə qorunması həmin siyasətin mühüm nəticələri sırasında göstərilir. Bu gün əldə olunan nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun uzaqgörənliyini və həyatiliyini bir daha təsdiq edir. Azərbaycanın regionun lider dövlətlərindən birinə çevrilməsi, beynəlxalq layihələrdə fəal iştirakı və qlobal miqyasda artan nüfuzu bu siyasətin uğurlu nəticələrinin bariz nümunəsidir.
“Tarix sübut edir ki, güclü dövlətçilik ənənələri və milli birlik hər bir xalqın inkişafının əsas təminatıdır. Azərbaycanın keçdiyi yol bunun ən parlaq nümunələrindən biridir. Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində ölkəmiz müstəqilliyini qoruyaraq inkişaf və tərəqqi yolunda inamla irəliləyə bilib.
Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixində dönüş yaradan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edən taleyüklü bir gündür. Xalqın öz liderinə inamının və milli həmrəyliyinin təcəssümü olan bu tarix Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını və Azərbaycan dövlətçiliyinin qorunmasındakı müstəsna rolunu əsrlər boyu yaşadacaqdır”, – deyə o əlavə edib.
