Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri Azərbaycan-Türkmənistan əlaqələrinin dərin tarixi köklərə əsaslandığını bir daha təsdiqləməklə yanaşı, münasibətlərdə yeni perspektivlərin açıldığını göstərir. İki ölkəni ortaq keçmiş, dil, din, mədəniyyət, mənəvi dəyərlər birləşdirir. Bu möhkəm təməl ölkələrimizin tərəfdaşlığının daha da genişlənməsinə əlverişli zəmin yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva bildirib.
“Bu gün dünya xəritəsində Xəzər regionunun rolu sürətlə artır. Son illərdə formalaşan əməkdaşlıq göstərir ki, Xəzərin hər iki sahilində yerləşən ölkələr artıq bir-birinə ayrı-ayrı regionlar kimi deyil, vahid geoiqtisadi məkanın tərəfdaşları kimi yanaşırlar. Bakı ilə Aşqabad bu imkanları birlikdə dəyərləndirməyə çalışır. Nəqliyyat, logistika, enerji və ticarət sahələrində atılan addımlar əlaqələrin artıq daha strateji xarakter aldığını nümayiş etdirir. Xüsusilə iki ölkənin dövlət başçıları arasında qarşılıqlı etimad və siyasi dialoq bu prosesə əlavə güc verir. Ona görə də bu səfəri keçmişdən gələn qardaşlığın müasir geosiyasi reallıqlar fonunda yeni məzmun qazanmasının bariz nümunəsi kimi qiymətləndirmək olar. Dövlət başçılarının birgə mətbuat bəyanatında Azərbaycan Prezidenti ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsini tarixi hadisə kimi qiymətləndirdiyini vurğuladı. Bu gün Azərbaycan Cənubi Qafqazda aparıcı mövqeyə malikdir. Eyni zamanda, ölkəmiz coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də, tarixi, mədəni və mənəvi bağları, eləcə də həyata keçirdiyi nəqliyyat və logistika layihələri ilə bu məkanın ayrılmaz hissəsinə çevrilib. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə qurulan nəqliyyat marşrutları, enerji layihələri və çoxtərəfli platformalar bu inteqrasiyanı daha da gücləndirir. Ona görə də dövlətimiz həm Cənubi Qafqazı, həm Türk Dünyasını, həm də Mərkəzi Asiyanı birləşdirən, ortaq iqtisadi maraqların, siyasi dialoqun, humanitar əməkdaşlığın, gələcəyə birgə baxışın formalaşdığı mühüm bir mərkəz kimi çıxış edir”, – deyə G.Əfəndiyeva diqqətə çatdırıb.
Deputatın sözlərinə görə, Azərbaycan və Türkmənistanın yüksələn əməkdaşlığı Orta Dəhlizin gələcəyinə də mühüm töhfədir. Çünki, bu gün nəqliyyat-logistika layihələrinə yalnız iqtisadi təşəbbüs kimi baxmaq olmaz; onların arxasında güclü siyasi etimad və strateji tərəfdaşlıq dayanır. Bakı ilə Aşqabad arasında formalaşmış qarşılıqlı etimad Xəzərin hər iki sahilini birləşdirən nəqliyyat marşrutlarının dayanıqlı və etibarlı şəkildə inkişafına imkan yaradır. Türkmənistanın Füzulidə məscidin tikintisində iştirakı ölkənin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağda aparılan quruculuq işlərinə mənəvi və siyasi dəstəyini nümayiş etdirir. Qardaş türk dövlətləri tərəfindən Qarabağda ucaldılan hər bir təhsil, mədəniyyət, ibadət ocağı bizim ortaq tariximizə, ortaq dəyərlərimizə və ortaq gələcəyimizə verilən töhfədir. Şübhəsiz ki, Füzulidə inşa olunacaq məscid türk xalqlarının mənəvi birliyinin önəmli rəmzlərindən olacaq. Bu baxımdan, Azərbaycanda inşa edilən “Dostlug” tankerinin Türkmənistana hədiyyə olunması da birliyimizə xidmət edir. Burada, əlbəttə, gələcəyə hesablanmış iqtisadi və strateji tərəfdaşlıq mesajı da var.
“Düşünürəm ki, bu əməkdaşlığın potensialı kifayət qədər böyükdür. Azərbaycan və Türkmənistan zəngin təbii ehtiyatlara, eyni zamanda, Avrasiyanın mühüm nəqliyyat və enerji marşrutları üzərində yerləşən coğrafi mövqeyə malikdir. Bu baxımdan, iki ölkə arasında koordinasiyanın güclənməsi resursların daha etibarlı marşrutlarla dünya bazarlarına çatdırılmasına xidmət edə bilər. Bu isə nəinki regionun, bütövlükdə Avrasiya məkanının enerji təhlükəsizliyinə təkan verən amillərdən biridir. Qardaşlıq münasibətlərinin gücü xalqlarımız, insanlarımız arasındakı canlı əlaqələrlə ölçülür. İnsanlar bir-birini, o cümlədən bir-birinin mədəniyyətini, adət-ənənələrini nə qədər yaxından tanıyarsa, bağlar da bir o qədər möhkəm olar. Ona görə də ortaq mədəni irsimizi yaşadan festivalların, sərgilərin, ədəbiyyat günlərinin, ümumiyyətlə, mədəni mübadilələr ilə bağlı təşəbbüslərin sayı daha da artırılmalıdır”, – deyə G.Əfəndiyeva vurğulayıb.
