Azərbaycan xalqının dövlətçilik tarixində ordu həmişə mühüm yer tutub. Hər bir müstəqil dövlətin mövcudluğu onun təhlükəsizliyini təmin edən güclü silahlı qüvvələrin varlığından asılıdır. Bu baxımdan hər il qeyd edilən 26 İyun – Silahlı Qüvvələr Günü yalnız peşə bayramı deyil, həm də Azərbaycan dövlətçiliyinin inkişaf tarixini əks etdirən əlamətdar gündür. Bu tarix milli ordunun yaranmasını, keçdiyi mürəkkəb yolu və ölkənin müdafiəsində oynadığı rolu özündə birləşdirir.
Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Xalidə İbrahimovanın AZƏRTAC-a təqdim etdiyi “26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü: tarixi inkişaf yolu” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə qeyd edilir ki, Azərbaycanın müasir ordu quruculuğunun tarixinin əsası XX əsrin əvvəllərində qoyulub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə dövlət qarşısında duran əsas vəzifələrdən biri Milli Ordunun formalaşdırılması idi. Yeni qurulmuş respublika həm daxili sabitliyi qorumaq, həm də xarici təhlükələrə qarşı müdafiəni təşkil etmək məcburiyyətində idi. Məhz buna görə 1918-ci il iyunun 26-da milli hərbi hissələrin yaradılması haqqında qərar qəbul edildi. Bu hadisə sonradan Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının başlanğıcı kimi tarixə düşdü.
Cümhuriyyət dövründə qısa zaman ərzində peşəkar ordu yaratmaq istiqamətində mühüm addımlar atılıb. Həmin dövrdə görkəmli hərbçilər Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski milli hərbi sistemin təşkilində mühüm rol oynaylblar. Onların təcrübəsi sayəsində orduda nizam-intizamın yaradılması, zabit heyətinin hazırlanması və müdafiə qabiliyyətinin artırılması istiqamətində ciddi işlər görülüb. Lakin 1920-ci ildə Cümhuriyyətin süqutu və Azərbaycanın sovetləşdirilməsi milli ordunun fəaliyyətinə son qoyub.
Sovet hakimiyyəti illərində Azərbaycan müstəqil orduya malik olmasa da, azərbaycanlı hərbçilər SSRİ Silahlı Qüvvələrinin tərkibində xidmət göstərirdilər. Xüsusilə İkinci Dünya müharibəsi dövründə Azərbaycan xalqı böyük fədakarlıqlar nümayiş etdirmiş, minlərlə vətəndaş cəbhədə qəhrəmanlıq göstərmişdir. Bu dövr hərbi təcrübənin və vətənpərvərlik ənənələrinin qorunub saxlanılmasında mühüm rol oynamışdır.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası Azərbaycan üçün yeni mərhələnin başlanğıcı olub. Lakin müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi siyasi qeyri-sabitlik və Ermənistanın hərbi təcavüzü ordunun formalaşmasını çətinləşdirirdi. Müxtəlif silahlı dəstələrin mövcudluğu vahid hərbi idarəetmənin qurulmasına mane olurdu. Sonrakı illərdə həyata keçirilən islahatlar nəticəsində peşəkar və mərkəzləşdirilmiş ordu sistemi yaradıldı.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hərbi quruculuq dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ordunun maddi-texniki bazası gücləndirildi, şəxsi heyətin hazırlığına xüsusi diqqət yetirildi və beynəlxalq hərbi əməkdaşlıq genişləndirildi. 1998-ci ildə imzalanan Fərmanla iyunun 26-sı Silahlı Qüvvələr Günü elan edildi. Bu qərar milli ordu tarixinin davamlılığını vurğulamaq baxımından böyük əhəmiyyət daşıyır.
Sonrakı dövrdə Azərbaycan Ordusu regionun ən müasir və güclü hərbi qüvvələrindən birinə çevrilib. Müdafiə sənayesinin inkişafı, yeni texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin mənimsənilməsi ordunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Bunun nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri ölkənin milli maraqlarını qorumağa qadir güclü hərbi instituta çevrilib.
2020-ci ildə Vətən müharibəsi Azərbaycan Ordusunun peşəkarlığını və hazırlıq səviyyəsini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Müasir döyüş üsullarının tətbiqi, hərbi texnologiyalardan səmərəli istifadə və yüksək vətənpərvərlik ruhu qələbənin əsas amillərindən oldu.
Bu gün Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyinin, suverenliyin və milli təhlükəsizliyin əsas təminatçısıdır. İyunun 26-sı isə yalnız hərbi bayram deyil, həm də xalqın öz dövlətinə, ordusuna və qəhrəmanlıq tarixinə hörmətinin ifadəsidir. Milli ordunun keçdiyi yol göstərir ki, güclü dövlət quruculuğu ilə güclü ordu anlayışı bir-birindən ayrılmazdır. Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyətlər gələcək nəsillər üçün də vətənpərvərlik və dövlətçilik nümunəsi olaraq qalacaq.
