Avropa Şurası Parlament Assambleyası (AŞPA) növbəti dəfə Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Bu qətnamənin və ümumilikdə AŞPA-nın anti-Azərbaycan xarakterli digər addımlarının insan hüquqlarının və demokratiyanın təşviqi ilə heç bir əlaqəsi yoxdur.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov söyləyib.
“Artıq hər kəsə məlumdur ki, Avropada bir sıra dairələr özlərinin müəyyən etdikləri xətalı geosiyasi baxışları və irqi ayrı-seçkilik mülahizələri əsasında Azərbaycanı təzyiq altında saxlamağa çalışırlar. Bu məqsədlə AŞPA-da və bəzi dövlətlərin parlamentlərində müxtəlif qətnamələr qəbul edilir, mediada qarayaxma kampaniyaları təşkil olunur və digər vasitələrdən istifadə edilir”, – deyə Qaya Məmmədov bildirib.
Deputat vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi bu dairələri ölkəmizə qarşı uzun illər istifadə etdikləri təsir vasitəsindən məhrum edib: “Xüsusilə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunması, ədalətin bərpa edilməsi, Azərbaycan xalqının ölkə rəhbərliyi ətrafında daha sıx birləşməsi və ölkədə milli həmrəyliyin möhkəmlənməsi həmin dairələri məyus edib.
“Minsk qrupu” dövrünün xiffətini çəkən bu dairələr hər vəchlə davamlı sülhün bərqərar olmasına mane olmağa çalışır və son dövrlərdə bu istiqamətdə səylərini daha da fəallaşdırıblar. Qeyd etmək lazımdır ki, “Minsk qrupu” əyyamında qalan qüvvələr təkcə Avropada deyil, digər məkanlarda da mövcuddur və onların koordinasiyalı fəaliyyəti açıq şəkildə müşahidə olunur.
AŞPA-nın və Avropa İnsan Hüquqları Məhkəməsinin bu dairələrin əlində alətə çevrilməsi acınacaqlı haldır. Bu, Avropa İnsan Hüquqları Konvensiyasının məqsəd və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. İnsan hüquqları mexanizmlərini öz siyasi məqsədləri üçün alətə çevirən bu dairələr bilməlidirlər ki, ölkəmizə təzyiq göstərmək məqsədilə həyata keçirdikləri bu cür qarayaxma cəhdləri heç bir nəticə verməyəcək”.
