26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın dövlətçilik tarixində şərəf, qürur və milli iftixar rəmzi kimi xüsusi yer tutur. Bu əlamətdar gün hər bir azərbaycanlının qəlbində Vətənə sədaqət, dövlətə bağlılıq, ordumuza sonsuz ehtiram hissi oyadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Zərifə Quliyeva bildirib.
Zərifə Quliyeva qeyd edib ki, Azərbaycan Ordusunun bugünkü qüdrəti xalqımızın tarixi iradəsinin, dövlətimizin güclü siyasi xəttinin və milli birliyimizin parlaq təcəssümüdür. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan milli ordu quruculuğu Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə yeni mərhələyə yüksəlib, müasir Azərbaycan Ordusunun formalaşması dövlətçilik tariximizin ən mühüm səhifələrindən birinə çevrilib.
“Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi uzaqgörən siyasət bu gün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvəsinə çatıb. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində xalqımıza tarixi Zəfər yaşadaraq torpaqlarımızın azadlığı, dövlətimizin qüdrəti və milli ləyaqətimiz naminə misilsiz qəhrəmanlıq salnaməsi yazıb.
Bu gün Azərbaycan əsgəri qalib ölkənin əsgəridir. Onun addımında Vətənin gücü, baxışında xalqın inamı, sinəsində üçrəngli bayrağımızın şərəfi yaşayır. Ordumuzun hər bir hərbi qulluqçusu Vətən qarşısında müqəddəs borcunu böyük məsuliyyət, yüksək peşəkarlıq və sarsılmaz iradə ilə yerinə yetirir.
Zəfərdən sonra Azərbaycan Ordusunun qarşısında duran missiya daha da ucalıb. Bu gün Ordumuz azad edilmiş torpaqlarımızda dövlət suverenliyimizin, sərhədlərimizin və xalqımızın təhlükəsizliyinin etibarlı təminatçısı kimi şərəfli xidmətini davam etdirir. Qalib Ordunun varlığı hər bir vətəndaşa güvən, hər bir ailəyə rahatlıq, hər bir gəncə vətənpərvərlik dərsi verir.
Azərbaycan Ordusunun gücü xalqımızın birliyindən, dövlətimizin qüdrətindən, Ali Baş Komandanın qətiyyətindən və şəhidlərimizin müqəddəs amalından qaynaqlanır. Bu gün başımızı dik tutaraq yaşayırıqsa, bu qürurun arxasında şəhidlərimizin canı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin rəşadəti dayanır.
26 İyun münasibətilə başda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmaqla, Azərbaycan Ordusunun bütün şəxsi heyətini, hərbi qulluqçularımızı, qazilərimizi və xalqımızı ürəkdən təbrik edirəm. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır, qazilərimizə möhkəm cansağlığı, hərbçilərimizə şərəfli xidmət yollarında uğurlar arzulayıram”, – deyə Zərifə Quliyeva bildirib.
