Azərbaycan Ordusunun 108 illik inkişaf tarixini beş əsas mərhələyə bölmək olar.
Bu fikri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev səsləndirib. O bildirib ki, birinci mərhələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun yaradılması ilə başlayıb:
“Qurucu babalarımız faktiki olaraq heç nədən Milli Ordu yaratmağa nail oldular. 1918-ci il iyunun 26-da qəbul edilən qərardan sonra general Səməd bəy Mehmandarovun və general Əliağa Şıxlinskinin rəhbərliyi ilə Milli Ordu formalaşmağa başladı. Müstəqilliyimiz qısa sürdüyü kimi, həmin ordunun fəaliyyəti də uzun olmadı. Lakin So№№vet işğalı zamanı Azərbaycanın 15 generalının qətlə yetirilməsi Silahlı Qüvvələrimizin tarixində ordumuza vurulan ən ağır zərbələrdən biri hesab oluna bilər. Qurucu babalarımız o dövrün bütün çətinliklərinə baxmayaraq, bizə zəngin hərbi irs qoyub getdilər”.
Hərbi ekspertin sözlərinə görə, ikinci mərhələ sovet dövründə milli hərbi kadrların yetişdirilməsi ilə bağlıdır: “Sovet dövründə azərbaycanlı zabitlərin yüksək vəzifələrə irəli çəkilməsi prioritet deyildi. Digər xalqlarla müqayisədə hərbi kadr siyasətində müəyyən ayrı-seçkilik hiss olunurdu. Bununla belə, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması Azərbaycanın gələcək milli zabit korpusunun formalaşmasında tarixi rol oynadı. Bu uzaqgörən qərar sonradan müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin peşəkar kadr bazasının yaranmasına ciddi töhfə verdi”.
Elxan Şıxəliyev qeyd edib ki, üçüncü mərhələ müstəqillik illərində ordu quruculuğunun əsasının qoyulması ilə xarakterizə olunur: “1993-cü ildən sonra dövlət idarəçiliyində sabitlik bərpa edildi və bununla paralel olaraq peşəkar ordu quruculuğu istiqamətində sistemli addımlar atıldı. 1994-cü ildə atəşkəsin əldə olunması strateji baxımdan düzgün qərar idi. Çünki iqtisadi imkanlar yaradılmadan güclü ordu qurmaq mümkün deyildi. “Əsrin müqaviləsi”nin yaratdığı iqtisadi potensial sonrakı illərdə Silahlı Qüvvələrin inkişafına yönəldildi. Həmin dövrdə hərbi təhsil müəssisələrinin, Müdafiə Nazirliyinin strukturunun və peşəkar zabit heyətinin formalaşdırılması uğurla həyata keçirildi”.
Ekspert bildirib ki, dördüncü mərhələ Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə ordunun müasir inkişaf mərhələsini əhatə edir: “2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun döyüş qabiliyyətinin real sınağı oldu. Ordular laboratoriyalarda deyil, döyüş meydanında qiymətləndirilir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu torpaqlarını azad etməyə hazırdır. Bundan sonra həm silahlanma, həm şəxsi heyətin hazırlığı, həm də müasir texnologiyaların tətbiqi daha da gücləndirildi. 2020-ci il Vətən müharibəsində bunun nəticəsini bütün dünya gördü. Vaxtilə mərmi çatışmazlığı yaşayan ordudan qısa müddətdə pilotsuz uçuş aparatlarından kütləvi istifadə edən, XXI əsrin müasir müharibə modelini tətbiq edən qalib orduya çevrildik. Bu, Ali Baş Komandanın strateji baxışının və uzunmüddətli ordu quruculuğu siyasətinin nəticəsi idi”.
Hərbi ekspert vurğulayıb ki, beşinci mərhələ Vətən müharibəsi və antiterror tədbirlərindən sonrakı dövrü əhatə edir: “2020-ci il Vətən müharibəsi və sonrakı antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu əvvəlkindən də güclü mərhələyə qədəm qoydu. Müharibənin bütün nəticələri təhlil edildi, müsbət və mənfi tərəflər qiymətləndirildi. Bunun əsasında komando briqadaları yaradıldı, yeni ştat strukturları formalaşdırıldı, müasir idarəetmə sistemi tətbiq edildi. Həmçinin yüksək nəticə göstərən çağırışçıların intellektual bölmələrdə xidmət etməsi kimi yeni yanaşmalar tətbiq olundu”.
Elxan Şıxəliyevin sözlərinə görə, bu gün Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazın lider dövlətidir: “Bu nəticə təsadüfi deyil. Bu, dövlətin orduya davamlı investisiyasının, müasir silahlanmanın, peşəkar kadr hazırlığının, xalq–ordu birliyinin və dost ölkələrin dəstəyinin məntiqi nəticəsidir. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur və bu üstünlük hər gün daha da möhkəmləndirilir”.
Ekspert sonda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edib:
“Qurucu babalarımızın, Ümummilli Liderimizin və bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların ən böyük arzusu güclü, qalib Azərbaycan Ordusunu görmək idi. Bütün hərbi qulluqçularımızı təbrik edir, şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə və müharibə veteranlarımıza möhkəm cansağlığı arzulayıram”.
