Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Gəncə Dövlət Universitetinin (GDU) birgə təşkilatçılığı ilə “1826-cı il Cənubi Qafqaz Ümummüsəlman üsyanının 200 illiyi”nə həsr olunmuş respublika elmi konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bildirib ki, tarix xalqın yaddaşı, milli kimliyinin və mənəvi dəyərlərinin daşıyıcısıdır. Keçmişimizi öyrənmək, tarixi hadisələri obyektiv şəkildə araşdırmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin mühüm vəzifəsidir. Bu baxımdan, 1826-cı ildə Cənubi Qafqazda baş vermiş hadisələrin tədqiqi böyük əhəmiyyət daşıyır.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə çıxışında vurğulayıb ki, XIX əsrin əvvəllərində regionda baş verən mürəkkəb siyasi proseslər, xarici müdaxilələr və müstəmləkəçilik siyasəti yerli əhalinin həyatına ciddi təsir göstərmişdi. Məhz belə bir şəraitdə xalqın öz milli-mənəvi dəyərlərini, torpaqlarını və hüquqlarını qorumaq uğrunda göstərdiyi müqavimət tariximizin mühüm səhifələrindən birini təşkil edir. Bu hadisələr xalqımızın mübarizə əzminin və Vətənə bağlılığının bariz nümunəsi kimi qiymətləndirilir. Konfransın əsas məqsədi həmin dövrün hadisələrini yeni elmi yanaşmalar əsasında araşdırmaq, mövcud tarixi mənbələri təhlil etməkdir.
Daha sonra məruzələr dinlənilib. Rektorun baş müşaviri Asif Cavadov, Tarix və Coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırov, kafedranın baş müəllimi Üzeyir Balakişiyev, Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva və kafedranın baş müəllimi Eldar Mehdiyev çıxış edərək tarixi hadisələrə nəzər yetiriblər.
Tarix və Etnologiya İnstitutunun və Gəncə Dövlət Universitetinin əməkdaşları çıxışlarında elmi konfransın elmi əməkdaşlığın genişlənməsinə xidmət edəcəyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, bu gün müstəqil Azərbaycanda tariximizin hərtərəfli və obyektiv şəkildə tədqiq olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Arxiv materiallarının araşdırılması və tarixi hadisələrə müasir baxışın formalaşdırılması qarşıda duran əsas vəzifələrdəndir.
Qeyd edək ki, 1826-cı il Cənubi Qafqaz Ümummüsəlman üsyanı Rusiya-İran müharibəsi (1826–1828) dövründə Çar Rusiyasının müstəmləkə siyasətinə və ağır vergilərə qarşı Azərbaycan xanlıqlarında baş vermiş kütləvi xalq hərəkatıdır.
