Yüz il əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultay Türk dünyasında ortaq dil, tarix, ədəbiyyat və milli kimlik şüurunun formalaşması baxımından tarixi dönüş nöqtəsi idi. Bu gün isə Türk Dövlətləri Təşkilatı yarandığı gündən etibarən inteqrasiya prosesini getdikcə gücləndirən mühüm beynəlxalq platformaya çevrilib və bu prosesdə ortaq kimlik və ortaq mədəniyyət əsas birləşdirici amil kimi çıxış edir.
Bunu AZƏRTAC-a açıqlamasında türk politoloq Hüsaməddin İnanc söyləyib.
Onun sözlərinə görə, türk xalqlarını bir araya gətirən əsas amillər ortaq millət şüuru, ortaq tarixi təcrübə və eyni dili – türk dilini paylaşmalarıdır. Bu baxımdan ortaq tariximizin və mədəniyyətimizin yenidən xatırlanması xüsusi əhəmiyyət daşıyır. Bu, Türk dünyasında inteqrasiyanın daha möhkəm təməllər üzərində qurulmasına xidmət edəcək. Burada ən mühüm məsələlərdən biri əlifbada birliyin təmin edilməsidir. İsmayıl bəy Qaspıralının ifadə etdiyi “Dildə, fikirdə, işdə birlik” prinsipi, əslində, çox geniş inteqrasiya məkanının formalaşdırılması deməkdir.
“Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirilməsi böyük rəmzi məna daşıyır. Yüz il əvvəl Bakı həm zəngin mədəni mühiti, həm də dünya iqtisadiyyatında mühüm enerji mərkəzlərindən biri kimi seçilirdi. Şəhər, eyni zamanda, milli düşüncənin formalaşdığı, müxtəlif xalqların və mədəniyyətlərin qovuşduğu mühüm intellektual mərkəz idi. Bütün çətinliklərə, işğal cəhdlərinə və sovet hakimiyyətinin təzyiqlərinə baxmayaraq, Bakı həmişə istiqlal ruhunu qoruyub saxladı. Coğrafi mövqeyinə görə Qafqazın əsas mərkəzlərindən biri olan Bakı müxtəlif mədəniyyətlərin qarşılaşdığı və qarşılıqlı zənginləşdiyi mühüm platformaya çevrilmişdi. Bu gün də Bakı həmin tarixi missiyasını uğurla davam etdirir. Azərbaycanın paytaxtı bu gün də ortaq dilin, ortaq mədəniyyətin, ortaq tarixi yaddaşın və ortaq kimlik şüurunun formalaşması üçün ən mühüm mərkəzlərdən biri olaraq qalır. Türk Dövlətləri Təşkilatı da təhlükəsizlik, müdafiə və siyasi əməkdaşlıq sahələrində vahid fəaliyyət modeli formalaşdırmaq istiqamətində mühüm addımlar atır”, – deyə Hüsaməddin İnanc vurğulayıb.
O qeyd edib ki, Qarabağ Zəfərindən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar türk dövlətləri arasında əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli imkanlar açıb. Bu gün artıq Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsi üçün real şərait yaranıb. Ermənistan da bu istiqamətdə müəyyən addımlar atır, Gürcüstan isə regional əməkdaşlıq formatlarında iştirak imkanlarını nəzərdən keçirir. Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatı daha irəli addımlar atmalıdır. Çünki dünya yeni beynəlxalq nizamın formalaşdığı mürəkkəb mərhələdən keçir. ABŞ-nin qlobal hegemonluğunun zəiflədiyi, yeni ittifaqların və güc mərkəzlərinin meydana çıxdığı bir dövrdə türk dövlətlərinin daha sıx inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir. Türküstan coğrafiyası tarix boyu böyük güclərin geosiyasi maraq dairəsində olub. Bu gün də Çin, Rusiya, ABŞ və digər güclərin Mərkəzi Asiya ilə bağlı strateji maraqları mövcuddur. Türk dövlətləri inteqrasiyanı nə qədər dərinləşdirəcəklərsə, bir o qədər müxtəlif təzyiq və çağırışlarla üzləşəcəklər. Buna görə də Bakını mərkəz götürərək keçmişdən gələn ortaq tarixi təcrübəni gələcəyə yönəlmiş ortaq iradəyə çevirməkdən başqa alternativ yoxdur. Yeni formalaşan dünya düzənində türk dövlətlərinin birliyi qədər real, dinamik və perspektivli layihə yoxdur. Bu prosesdə Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Türk-İslam dünyasında müasir teatrın, milli mətbuatın və çağdaş təhsil sisteminin formalaşmasına öncüllük edən, Şərqin ilk demokratik respublikasını quran Azərbaycan bu gün də Türk dünyasının inteqrasiyasında aparıcı rol oynayır. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər böyük ümid və inam yaradır.
“Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin yenidən Azərbaycanda keçirilməsi təşəbbüsü xüsusi əhəmiyyətli addımdır. Qurultayın 100 illiyinin Azərbaycanda keçirilməsi təşəbbüsünün 2025-ci il oktyabrın 6-7-də Qəbələdə təşkil olunan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının XII Zirvə Görüşündə irəli sürülməsi Türk dünyasının ortaq elmi, mədəni və mənəvi məkanının inkişafı baxımından strateji əhəmiyyət daşıyan mühüm qərardır”, – deyə H.İnanc bildirib.
