Prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında Böyük Qayıdış Proqramı uğurla icra olunur. İşğaldan azad olunmuş ərazilərin bərpası dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Belə ki, qayıdış və dirçəliş məhz, dövlətimizin başçısının yüksək siyasi iradəsi və prinsipial mövqeyi əsasında mümkün olub. Proses mərhələli şəkildə davam etməklə yanaşı, dünyada postmünaqişə dövründə aparılan ən böyük bərpa işlərindən biridir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, son dövrlər ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər zamanı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi unikal quruculuq və bərpa işləri xüsusilə təqdir edilir, postmünaqişə zamanı yenidənqurma işlərinə nümunə kimi təqdim olunur. Bu gün Qarabağda və Şərqi Zəngəzurda investisiyalar üçün mühüm imkanlar mövcuddur.
“Hazırda bölgədə “ağıllı” yaşayış məntəqələrinin salınmasını, şəhərsalmada innovativ yeniliklərin tətbiqini, həmçinin yaşıl enerji sahəsində mühüm infrastruktur layihələrini nümunə göstərmək olar. Azərbaycanın Zəngilan rayonunda yerləşən Ağalı kəndi işğaldan sonra həyata keçirilən bərpa və innovasiya siyasətinin ən parlaq nümunəsidir. Uzun illər viran qalmış kənd indi tamamilə yeni konsepsiya ilə – “ağıllı kənd” modeli əsasında qurulub. Artıq bu ərazilərdə 90 minə yaxın insan yaşayır, işləyir və təhsil alır”, – deyə deputat vurğulayıb.
Pərvanə Vəliyeva ölkəmizdə reallaşdırılan yaşıl enerji siyasətinin vacibliyinə də diqqət çəkib. O deyib: “Bu çərçivədə beynəlxalq təcrübəyə əsaslanmaq üçün Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlıq qurulub və “Yaşıl enerji zonası” konsepsiyası hazırlanıb. Hazırda sözügedən ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5 MVt-dan çox olan Günəş panelləri quraşdırılıb. Cəbrayıl rayonunda “Şəfəq”, “Üfüq” və “Şəms” kimi Günəş enerjisi layihələri həyata keçirilir. Bununla yanaşı, 307 MVt gücündə 38 su elektrik stansiyası fəaliyyət göstərir. Azərbaycan ümumi enerji balansında alternativ və bərpaolunan enerji mənbələrinin payını 2030-cu ilə qədər 30 faizə çatdırmağı hədəfləyir. İşğaldan azad olunmuş ərazilərdə 2050-ci ilə qədər “netto sıfır emissiya” zonasının yaradılması planlaşdırılır ki, bu da yalnız Azərbaycanın deyil, dünyanın ilk sıfır emissiya zonalarından biri olmaq deməkdir”.
