Bu ilin sonunadək Azərbaycanda virtual aktivlər və kripto bazarlarının hüquqi tənzimlənməsini nəzərdə tutan qanunun qəbul edilməsi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Mərkəzi Bankın “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda keçirdiyi maarifləndirici tədbirdə deyib.
F.Tofidi qeyd edib ki, Mərkəzi Bank qanun layihəsinin yekun variantını hazırlayaraq baxılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edib: “Bu sənəd mühüm əhəmiyyət daşıyır. Çünki virtual aktivlər və kripto bazarları indiyədək ölkədə hüquqi baxımdan ayrıca tənzimlənməyən, həm Azərbaycan, həm də dünya üçün nisbətən yeni inkişaf istiqamətlərindən biridir. Proses planlaşdırıldığı kimi davam edərsə, ilin sonunadək kriptovalyutalar və digər virtual aktivlərlə bağlı qanun layihəsinin təsdiqlənməsi mümkün olacaq”.
