Prezident İlham Əliyevə ictimai etimadın yüksək səviyyədə qalmasını şərtləndirən əsas amillərdən biri siyasi liderliyin konkret nəticələrlə müşayiət olunmasıdır. Azərbaycan cəmiyyəti son illərdə dövlətin qarşısında dayanan ən mühüm milli məsələlərin həllinə şahidlik edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.
Onun sözlərinə görə, uzun illər ərzində ölkənin əsas problemi olan ərazi bütövlüyünün bərpası, işğala son qoyulması və dövlət suverenliyinin təmin edilməsi Prezident İlham Əliyevə ictimai etimadın yüksək səviyyədə qalmasında mühüm rol oynayıb.
“Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan cəmiyyətinin siyasi və ictimai düşüncəsində fundamental dəyişiklik yaradıb. Azərbaycan xalqı uzun illər ərzində gözlədiyi tarixi ədalətin bərpasını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gördü. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərindən sonra ölkənin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunması isə bu tarixi prosesin məntiqi yekunu oldu. Bu baxımdan ictimai etimad həm də dövlətin qarşısına qoyduğu strateji məqsədlərə nail olması ilə bağlıdır. Prezident İlham Əliyevə yüksək ictimai etimadı şərtləndirən digər mühüm amillərdən biri Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə sabitliyini və təhlükəsizliyini qoruyub saxlamasıdır. Dünyanın müxtəlif regionlarında münaqişələrin, siyasi böhranların və iqtisadi qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycan daxili sabitliyi təmin etməklə yanaşı, öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Bu gün cəmiyyət üçün sabitlik artıq yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda, dövlətin davamlı inkişafının, sosial rifahın və gələcəyə inamın əsas şərtlərindən biri kimi qəbul olunur”, – deyə siyasi şərhçi qeyd edib.
Ülviyyə Zülfiqar vurğulayıb ki, ölkənin keçdiyi iqtisadi inkişaf yolu və həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti də ictimai etimadın formalaşmasına mühüm təsir göstərir. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, “Böyük Qayıdış” Proqramının həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı dövlət siyasətinin nəticələrinin vətəndaşlar tərəfindən birbaşa müşahidə olunmasına imkan yaradır. Azərbaycanın beynəlxalq nüfuzunun artması da ictimai etimada təsir göstərən mühüm amillərdəndir. Bu gün Azərbaycan bir sıra mühüm siyasi, iqtisadi və enerji təşəbbüslərinin müəllifi və əsas iştirakçılarından biridir. Ölkəmizin müxtəlif qlobal güc mərkəzləri ilə qarşılıqlı hörmət və milli maraqlar əsasında münasibətlər qurması, eyni zamanda, müstəqil xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirməsi cəmiyyətdə dövlətin beynəlxalq mövqeyinə olan inamı daha da möhkəmləndirir.
“Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin siyasətində ardıcıllıq və strateji məqsədlərə sadiqlik görür. Vaxtilə qarşıya qoyulan və bir çoxlarına mümkünsüz görünən hədəflərin həyata keçirilməsi dövlətin siyasi iradəsinə və gələcək məqsədlərinə olan inamı daha da artırır. Məhz buna görə yüksək ictimai etimadı həm də gələcəyə yönəlmiş gözləntilərin ifadəsi kimi qiymətləndirmək lazımdır. Güclü ictimai dəstək dövlətə uzunmüddətli islahatların həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, Qarabağın və Şərqi Zəngəzurun inkişafı, insan kapitalına investisiyaların artırılması və Azərbaycanın regional mövqelərinin daha da gücləndirilməsi üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevə yüksək ictimai etimadın əsasını son illərdə Azərbaycanın keçdiyi tarixi inkişaf yolu və əldə etdiyi konkret nəticələr təşkil edir. Ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası, təhlükəsizliyin və sabitliyin təmin olunması, iqtisadi inkişaf, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi cəmiyyətin siyasi liderliyə münasibətini müəyyən edən əsas amillərdir”, – deyə siyasi şərhçi vurğulayıb.
