Müasir dövrdə dünya iqtisadiyyatında və beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər dövlətlərin inkişaf modelinə yeni yanaşmalar formalaşdırır. Ənənəvi iqtisadiyyat mərhələsindən rəqəmsal iqtisadiyyata keçid artıq seçim deyil, zərurətə çevrilib. Süni intellekt, böyük verilənlər, bulud texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal hökumət və innovasiya ekosistemləri dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillər sırasında yer alır. Məhz buna görə də dünyanın inkişaf etmiş ölkələri iqtisadiyyatın rəqəmsallaşdırılmasını milli təhlükəsizlik, iqtisadi inkişaf və sosial rifah siyasətinin ayrılmaz hissəsi kimi qiymətləndirirlər.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
O bildirib ki, Azərbaycan da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində bu qlobal transformasiyanın fəal iştirakçısına çevrilib. Son illər ölkəmizdə rəqəmsal dövlət modelinin qurulması, elektron xidmətlərin genişləndirilməsi, innovasiya ekosisteminin inkişaf etdirilməsi, süni intellekt texnologiyalarının tətbiqi və milli kibertəhlükəsizlik sisteminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər göstərir ki, Azərbaycanın inkişaf strategiyasında rəqəmsal transformasiya prioritet istiqamətlərdən biridir. 2026-cı ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qəbul olunan qərarlar bu siyasətin yeni mərhələsini müəyyənləşdirdi. Müşavirədə rəqəmsallaşma, elektron hökumət, innovasiya və süni intellekt sahəsində uzunmüddətli inkişaf prioritetləri müəyyən edildi, dövlət idarəçiliyində yeni koordinasiya mexanizmlərinin yaradılması barədə mühüm qərarlar qəbul olundu. Bu qərarlar nəticəsində Rəqəmsal İnkişaf Şurası yaradıldı və ölkədə rəqəmsal transformasiya siyasətinin vahid mərkəzdən idarə olunması üçün institusional baza formalaşdırıldı.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” isə qarşıdakı illər üçün dövlətin rəqəmsal inkişaf strategiyasının əsas yol xəritəsinə çevrildi. Fəaliyyət Planında dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin gücləndirilməsi və rəqəmsal iqtisadiyyatın ÜDM-də payının artırılması əsas hədəflər kimi müəyyən olunub. Bu strateji yanaşmanın praktiki icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış Rəqəmsal İnkişaf Şurasının ilk iclası ötən ay keçirildi. Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən iclas ölkənin rəqəmsal inkişaf siyasətində mühüm hadisələrdən biri oldu. İclasda Fəaliyyət Planının icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsil sisteminin rəqəmsallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə edildi. Bu iclas bir daha nümayiş etdirdi ki, Azərbaycanda rəqəmsal inkişaf yalnız texnologiyaların tətbiqindən ibarət deyil. Burada söhbət dövlət idarəçiliyinin tamamilə yeni idarəetmə fəlsəfəsinə keçidindən gedir. Rəqəmsal transformasiyanın əsas istiqamətlərindən biri dövlət xidmətlərinin vahid platformada təqdim edilməsidir. Hazırda vətəndaşların müxtəlif dövlət xidmətlərindən istifadə etmək üçün ayrı-ayrı mobil tətbiqlərdən və internet resurslarından istifadə etməsinə ehtiyac tədricən aradan qaldırılır.
“Bütövlükdə, həyata keçirilən bütün islahatlar göstərir ki, Azərbaycan rəqəmsal inkişafı yalnız texnologiya siyasəti kimi deyil, dövlət quruculuğunun yeni mərhələsi kimi qiymətləndirir. Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, innovasiya iqtisadiyyatının inkişafı, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi və insan kapitalının inkişafı vahid strateji konsepsiya çərçivəsində həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan bu siyasət Azərbaycanın rəqəmsal suverenliyini daha da möhkəmləndirəcək, iqtisadiyyatın dayanıqlı inkişafını təmin edəcək, ölkənin beynəlxalq rəqabət qabiliyyətini artıracaq və Azərbaycanı regionun aparıcı texnologiya, innovasiya və rəqəmsal idarəetmə mərkəzlərindən birinə çevirəcək. Qarşıdakı illərdə həyata keçiriləcək layihələr yalnız dövlət xidmətlərinin müasirləşdirilməsi ilə məhdudlaşmayacaq, eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafına, vətəndaş rifahının yüksəldilməsinə və milli iqtisadiyyatın yeni inkişaf modelinin formalaşmasına mühüm töhfə verəcək”, – deyə o əlavə edib.
