Azərbaycan xalqının Prezident İlham Əliyevə inam və etimadı sonsuzdur. Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə keçirilən ictimai rəy sorğusunun nəticələri dövlətimizin başçısının siyasi liderliyinə və strateji fəaliyyətinə xalqın dəstəyinin yüksək səviyyədə olduğunu bir daha göstərib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
Deputat bildirib ki, sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiqləyir. Respondentlərin 93.6 faizi isə Prezidentin fəaliyyətini müsbət qiymətləndirir. Etimad və dəstəyin yüksək olduğunu təsdiq edən ən güclü indikatorlardan biri vətəndaşların seçki davranışlarıdır. Belə ki, Prezident seçkiləri növbəti bazar günü keçirilsə, rəyi soruşulanların böyük əksəriyyəti – 91,5 faizi seçkilərdə Prezident İlham Əliyevə səs verərdi.
MEDİA-nın apardığı sorğu nəticələrinin təhlili Prezidentə olan yüksək inam və etimadın dövlətimizin başçısının reputasiyası ilə bərabər, həm də dövlətin daxili sabitliyinin qorunması fonunda formalaşdığını göstərir. Bu mənada Prezident ictimai rəydə ümummilli maraqlar çərçivəsində birləşdirici, sabitlik baxımından isə alternativsiz hesab edilir – respondentlərin 81.9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur və ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb.
“Prezident İlham Əliyev artıq 23 ildir ki, müstəqil Azərbaycanın dövlət idarəçiliyi sükanının arxasındadır. Təqdim olunan ictimai rəy sorğusunun nəticələrindən də göründüyü kimi, İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildən bəri ötən dövrdə xalqın ona olan inamı nəinki azalmayıb, əksinə daha da artıb. Bu hal dünya miqyasında çox az rast gəlinən olsa da, təsadüfi deyil. Bu gün müstəqil Azərbaycan zirvələrdədir, xalqımız öz tarixinin ən qüdrətli dönəmini yaşayır. Ölkə nümunəvi inkişaf modelinə malikdir. Respublikamız xarici siyasətdə də ardıcıl uğurlara imza atır. Dünyada Azərbaycana böyük hörmət bəslənilir, bayrağımız ən mötəbər beynəlxalq təşkilatların önündə əzəmətlə dalğalanır, dost dövlətlərin sayı getdikcə artır. Bir sözlə, bu gün Azərbaycanın inkişafı, imkanları elə bir səviyyəyə çatıb ki, respublikamız qarşıda duran bütün məsələləri öz gücünə həll etmək iqtidarındadır. Görünən və hamı tərəfindən də etiraf olunan reallıq ondan ibarətdir ki, Azərbaycanın artan gücü bilavasitə onun Lideri İlham Əliyevlə bağlıdır. O, hər zaman öndədir, hər zaman ölkəmizin, xalqımızın milli maraqlarını qətiyyətlə qoruyur. Liderimizin uzaqgörənliyi, siyasi qətiyyəti, çevik diplomatiyası, xalqa arxalanması sayəsində müstəqilliyimizə, nailiyyətlərimizə, milli birliyimizə yönələn bütün cəhdlərin qarşısı alınıb, dövlətçiliyimiz qorunub və şübhə yoxdur ki, bundan sonra da qorunacaq. Hazırda Prezident İlham Əliyev Azərbaycanın yenilməz gücünü simvolizə edir”,-deyə S.Vəliyev vurğulayıb.
O, hazırda Azərbaycanın güclü dövlət imici qazandığını və bütün istiqamətlərdə böyük nailiyyətlər əldə etdiyini xatırladıb: “Dünya tarixindən liderlərin ölkələrin, xalqların taleyində müstəsna rol oynadıqlarına aid çoxlu sayda nümunələr gətirmək mümkündür. Bizim tariximizdə böyük siyasətçi Ulu Öndər Heydər Əliyev Azərbaycanın güclü iqtisadi, siyasi və ideoloji əsaslarını yaradan Lider kimi əbədi qalacaq. Son 23 ildə isə Azərbaycan cəmiyyəti böyük məmnuniyyətlə Prezident İlham Əliyevin liderliyini qəbul edir. Bu gün Azərbaycan ona görə güclü dövlətdir ki, onun İlham Əliyev kimi Lideri var. Dövlətimizin başçısı isə ona görə böyük Liderdir ki, Onun arxasında yenilməz güc – xalq var. Müstəqil Azərbaycanın uğurlarının təməlində dayanan əsas amil məhz Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” prinsipinə əsaslanmaqla həyata keçirdiyi siyasət dayanır.
“Bu gün ölkə daxilində aparılan çoxvektorlu siyasətdə cəmiyyətin bütün sosial təbəqələrinin mənafeyi diqqət mərkəzində saxlanılır. Heç kəs dövlət qayğısından kənarda qalmır. Eyni zamanda, ölkədə yaşayan bütün xalqların mənafeyi qorunur, onların tarixi-mədəni irsinə böyük hörmətlə yanaşılır. Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, burada milli-dini fərqlilik ayrıcı xətlər yaratmır. Bütün xalqlar tariximizdən gələn tolerantlıq ənənələrinə uyğun olaraq çiyin-çiyinə yaşayırlar və ölkənin inkişafına töhfələrini verirlər. Bütün bunlar İlham Əliyev fenomeni ilə bilavasitə bağlıdır. Prezident İlham Əliyevin fəaliyyətinin zirvəsini isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası təşkil edir.
Prezident İlham Əliyevin liderliyi ilə torpaqlarımızın işğaldan azad olunması tariximizə qızıl hərflərlə yazılıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, insanlar doğma yurdlarına qayıdırlar. Eyni zamanda, ölkəmiz sosial-iqtisadi cəhətdən davamlı olaraq inkişaf edir, əhalinin rifahı yüksəlir. Eləcə də Azərbaycanın beynəlxalq miqyasda nüfuzu gündən-günə artır. Şübhəsiz ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bundan sonra da yeni-yeni zəfərlər qazanacaq”,-deyə deputat əlavə edib.
