Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.
Deputat qeyd edib ki, bu baxımdan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Şura dövlət siyasətinin vahid koordinasiya əsasında həyata keçirilməsini, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsini, dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsini və innovasiyaəsaslı iqtisadi modelin inkişafını təmin edəcək mühüm institusional mexanizmdir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” ölkənin texnoloji inkişafı baxımından strateji əhəmiyyət daşıyan sənəddir: “Sənəddə dövlət idarəetməsinin rəqəmsallaşdırılması, beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, kibertəhlükəsizlik sisteminin gücləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi və innovasiya ekosisteminin inkişafı üzrə kompleks hədəflər müəyyən edilib. Cari il iyunun 29-da keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası göstərdi ki, Azərbaycan artıq rəqəmsallaşmaya yalnız elektron xidmətlərin genişləndirilməsi kimi yanaşmır. Qarşıya qoyulan məqsədlər ölkənin qlobal texnologiya ekosisteminə inteqrasiyası, beynəlxalq investorlar üçün cəlbedici innovasiya mühitinin yaradılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsini nəzərdə tutur”.
Rizvan Nəbiyev əlavə edib ki, Fəaliyyət Planında beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi əsas prioritetlərdən biri kimi müəyyən olunub. Müasir dövrdə rəqəmsal inkişaf ölkələrin iqtisadi rəqabət qabiliyyətini, investisiya cəlbediciliyini və texnoloji potensialını müəyyən edən əsas göstəricilərdən biridir. Buna görə də, beynəlxalq standartlara uyğun rəqəmsal mühitin formalaşdırılması Azərbaycanın qlobal iqtisadi sistemdə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.
“Sənəddə rəqəmsal inkişaf sahəsində qanunvericilik bazasının qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi də xüsusi yer tutur. Süni intellekt, kibertəhlükəsizlik, texnologiya transferi, vençur kapitalı, innovasiya məhsulları və startap ekosistemi üzrə müasir hüquqi mexanizmlərin yaradılması ölkənin beynəlxalq texnologiya bazarına inteqrasiyasını sürətləndirəcək.
Diqqətçəkən istiqamətlərdən biri də Azərbaycanın regional innovasiya və texnologiya mərkəzinə çevrilməsi məqsədidir. Beynəlxalq vençur fondlarının cəlb edilməsi, “Fondlar Fondu” modelinin tətbiqi, innovativ məhsulların dövlət satınalmalarında təşviqi, açıq dövlət məlumatlarının biznes üçün əlçatanlığının artırılması və beynəlxalq investorlar üçün hüquqi mexanizmlərin sadələşdirilməsi ölkədə innovasiya ekosisteminin inkişafına ciddi təkan verəcək”, – deyə o vurğulayıb.
R.Nəbiyev qeyd edib ki, Fəaliyyət Planında ilk dəfə olaraq “Rəqəmsal Səyyah” (Digital Nomad Visa) vizasının tətbiqinin nəzərdə tutulması da xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs yüksəkixtisaslı xarici mütəxəssislərin, proqramçıların və innovasiya sahəsində çalışan peşəkarların Azərbaycana cəlb edilməsinə, insan kapitalının zənginləşməsinə və ölkənin beynəlxalq texnologiya məkanında mövqeyinin güclənməsinə xidmət edəcək.
Onun sözlərinə görə, sənəddə beynəlxalq maliyyə inteqrasiyası da mühüm istiqamətlərdən biri kimi müəyyən edilib: “Startapların və texnologiya şirkətlərinin beynəlxalq ödəniş sistemlərinə çıxışının asanlaşdırılması, rəqəmsal xidmət ixracının genişləndirilməsi və maliyyə əməliyyatlarının sadələşdirilməsi Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına əlavə imkanlar yaradacaq.
Kibertəhlükəsizlik sahəsində nəzərdə tutulan tədbirlər də xüsusi diqqətə layiqdir. Beynəlxalq standartların tətbiqi, sertifikatlaşdırma proqramlarının genişləndirilməsi və milli kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi Azərbaycanın rəqəmsal təhlükəsizlik baxımından etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirəcək”.
Milli Məclisin deputatı hesab edir ki, təhsil sahəsində elektron attestat və diplom sisteminin tətbiqi isə Azərbaycan vətəndaşlarının beynəlxalq təhsil və əmək bazarına inteqrasiyasını asanlaşdıracaq, sənədlərin tanınması prosesini daha çevik və şəffaf edəcək: “Azərbaycanın rəqəmsal inkişaf strategiyası beynəlxalq əməkdaşlıq platformalarında da öz əksini tapır. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası rəqəmsal iqtisadiyyat, süni intellekt, innovasiya, data mərkəzləri, kibertəhlükəsizlik və kosmik sənaye sahələrində əməkdaşlığın yeni istiqamətlərini müəyyən edir. Bu sənəd ölkəmizin qlobal texnologiya tərəfdaşlıqlarını genişləndirməsi baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Eyni zamanda, Avropa İttifaqı ilə münasibətlərdə də rəqəmsal transformasiya prioritet istiqamətlərdən birinə çevrilib. Azərbaycan ilə Avropa İttifaqı arasında aparılan dialoq rəqəmsal bağlantılar, süni intellekt, innovasiya və yeni texnologiyalar üzrə əməkdaşlığın genişləndirilməsinə yönəlib. “Global Gateway” təşəbbüsü çərçivəsində nəzərdə tutulan investisiyalar Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında rəqəmsal bağlantı mərkəzi kimi rolunu daha da gücləndirəcək”.
Rizvan Nəbiyevin fikrincə, beynəlxalq təcrübə göstərir ki, Estoniya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər qabaqcıl ölkələrin uğuru məhz dövlət siyasəti, innovasiya, insan kapitalı və özəl sektor arasında səmərəli əməkdaşlıq hesabına mümkün olub. Azərbaycan da analoji modeli formalaşdırmaq üçün bütün zəruri üstünlüklərə malikdir. Onun sözlərinə görə, ölkənin əlverişli geostrateji mövqeyi, Orta Dəhlizdə artan rolu, inkişaf etmiş nəqliyyat və enerji infrastrukturu, data bağlantıları və dövlət tərəfindən həyata keçirilən ardıcıl islahatlar bu məqsədə nail olmaq üçün möhkəm zəmin yaradır: “Hesab edirəm ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi yeni prioritetlər Azərbaycanın rəqəmsal transformasiyasını keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. Qarşıdakı dövrdə institusional islahatların davam etdirilməsi, insan kapitalına investisiyaların artırılması, innovasiya maliyyələşdirilməsi mexanizmlərinin inkişafı və beynəlxalq texnologiya tərəfdaşlıqlarının genişləndirilməsi ölkəmizin Cənubi Qafqazın aparıcı rəqəmsal iqtisadiyyatlarından və regional texnologiya mərkəzlərindən birinə çevrilməsi üçün real imkanlar yaradır. Bu baxımdan, 2026–2028-ci illər üçün Fəaliyyət Planı yalnız rəqəmsallaşma proqramı deyil, həm də Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla, ölkəmizin qlobal rəqabət qabiliyyətinin yüksəldilməsinə, innovasiya potensialının gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın yeni mərhələyə keçməsinə xidmət edən fundamental strateji sənəd kimi qiymətləndirilməlidir”.
