Macarıstanın yeni hökuməti NATO-nun ümumi məqsədlərinə uyğun olaraq, ölkənin hərbi xərclərini 2035-ci ilə qədər ÜDM-in 5%-nə çatdırmaq niyyətindədir. Bu barədə Ankarada keçirilən Şimali Atlantika Alyansının sammitində iştirak edən Macarıstanın Baş naziri Peter Magyar bildirib.
“Macarıstan hökuməti artıq müdafiə xərclərini proqnozlaşdırıla bilən şəkildə artırmaq qərarına gəlib və biz 2035-ci ilə qədər 5%-ə çatacağıq”, – deyə o, NATO liderlərinin görüşündən əvvəl jurnalistlərə bildirib.
Magyar həmçinin bildirib ki, Macarıstanın yeni hakimiyyəti “etibarlı müttəfiq kimi” ittifaqda tam iştirakını bərpa etməkdə qərarlıdır.
Ankara sammitinin yekun bəyannaməsinin NATO ölkələrinin 2035-ci ilə qədər hərbi xərclərini ÜDM-in 5%-nə çatdırmaq öhdəliyini bir daha təsdiqləyəcəyi gözlənilir.
