Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük səhnə üçün “Atılmış qadın”, “Dayının yuxusu”, “Ana” və “İki aktrisa üçün baş rol”, Abbas Mirzə Şərifzadə adına səhnə üçün isə “Payız sonatası”, “Kişi və qadın”, “İvan İliçin ölümü” və “Dəmir sinif” tamaşalarının məşqləri aparılır. Yeni mövsümdə eyni zamanda Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında Vətən müharibəsi haqqında səhnələrin əlavəsi ilə yeni tamaşa hazırlanacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov söyləyib.
Direktor vurğulayıb ki, teatr gənc rejissor, dramaturq, aktyor, rəssam və bəstəkarlara dəstək verməyi özünün ən vacib istiqamətlərindən biri kimi müəyyən edib.
“Teatrda gənc rejissorlar xüsusi layihə əsasında tamaşalar hazırlayır, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) yeni bitirən istedadlı aktyorlar teatrın truppasına cəlb olunur. Onlar teatrımızın görkəmli sənətkarlarının diqqət və qayğısı altında eyni səhnəni böyük qürur hissi ilə öz ustadları ilə bölüşürlər. Bütün bu işlərdə Akademik Milli Dram Teatrına yaxından dəstək verdiyi üçün Mədəniyyət Nazirliyinə öz dərin təşəkkürümüzü bildiririk. Daim bizimlə olan sevimli tamaşçılarımıza hər zaman minnətdarlıq borcumuz var. Teatrımız mövsümü böyük ruh yüksəkliyi ilə başa vurdu. Qarşıda bizi Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Mədəniyyəti – 2040″ Konsepsiyasından irəli gələn məsələlərin həlli istiqamətində teatrımızın üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyətli mövsüm gözləyir”,- deyə o əlavə edib.
İlham Əsgərov mövsüm ərzində Həsən Həsənovun, Siyavuş Aslanın, Maqsud İbrahimbəyovun, Amaliya Pənahovanın, Səməndər Rzayevin, Bəxtiyar Vahabzadənin, Kamal Abdullanın, Əliabbas Qədirovun, Azər Paşa Nemətovun, Elçin Əfəndiyevin, Hamlet Xanızadənin yubiley tədbirlərinin keçirildiyini deyib.
Onun sözlərinə görə, Milli Teatrın yeni mövsüm üçün planları və hədəfləri böyükdür. Noyabrda Çin Milli Dram Teatrının direktoru Tian Qinxin ölkəmizə səfəri planlaşdırılır. Çinin məşhur dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarət etməsi” tamaşasının məşqləri aparılır və premyerasını məhz xanım Tian Qinxin iştirakı ilə edəcəyik. Sentyabr ayında isə Moldova Milli Teatrı ilə əməkdaşlıq əlaqələrinin ilkin addımı atılacaq”.
