IV Şuşa Qlobal Media Forumu artıq ənənəvi beynəlxalq media platforması çərçivəsini aşaraq qlobal siyasi dialoqun mühüm mərkəzlərindən birinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən media rəhbərlərinin, ekspertlərin və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən forum yalnız informasiya mübadiləsi üçün deyil, həm də müasir geosiyasi proseslərin müzakirə edildiyi strateji platforma kimi xüsusi əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin forum çərçivəsində media nümayəndələrinin çoxsaylı suallarını ətraflı cavablandırması Azərbaycanın xarici siyasət prioritetlərini, regional baxışını və qlobal proseslərə münasibətini bir daha aydın şəkildə beynəlxalq ictimaiyyətə təqdim etdi.
“Prezident İlham Əliyevin çıxışında diqqətçəkən əsas məqamlardan biri Azərbaycanın son illərdə qazandığı geosiyasi mövqeyin qiymətləndirilməsi oldu. Dövlətimizin başçısı faktlara əsaslanaraq vurğuladı ki, Azərbaycan artıq regional proseslərin passiv iştirakçısı deyil, onların formalaşmasına təsir göstərən əsas aktorlardan biridir. Bu gün ölkəmiz enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat-kommunikasiya layihələri, yaşıl enerji, rəqəmsal transformasiya və regional təhlükəsizlik məsələlərində etibarlı tərəfdaş kimi qəbul edilir. Bu mövqe isə təsadüfi deyil, uzun illər ərzində milli maraqlara əsaslanan ardıcıl və praqmatik dövlət siyasətinin məntiqi nəticəsidir. Forumda səsləndirilən fikirlər bir daha göstərdi ki, dünya yeni və mürəkkəb geosiyasi mərhələyə daxil olur”, – deyə A.Qurbanova vurğulayıb.
Politoloq qeyd edib ki, Qırmızı dəniz və Hörmüz boğazında müşahidə olunan gərginlik qlobal ticarət marşrutlarının təhlükəsizliyi məsələsini yenidən beynəlxalq gündəliyin ön sırasına çıxarıb. Belə şəraitdə Orta Dəhlizin və ümumilikdə Azərbaycanın tranzit imkanlarının strateji əhəmiyyəti daha da artır. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın son onilliklər ərzində limanlar, dəmir yolları, avtomobil magistralları və logistika infrastrukturu sahəsində həyata keçirdiyi iri investisiyalar bu gün öz real nəticələrini verir.
“Enerji diplomatiyası da forumun əsas müzakirə mövzularından biri oldu. Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir ki, onların 14-ü Avropa dövlətidir. Almaniya və Avstriyanın da bu siyahıya qoşulması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun getdikcə gücləndiyini nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bərpaolunan enerji layihələrinin genişləndirilməsi daxili qaz istehlakını azaltmaqla ixrac potensialını artıracaq. Bu yanaşma Azərbaycanın enerji strategiyasının karbohidrogen resurslarına əsaslanan modeldən mərhələli şəkildə yaşıl enerji diplomatiyasına transformasiya olunduğunu göstərir. Prezident İlham Əliyevin Avropa İttifaqı ilə münasibətlərə dair fikirləri də yeni siyasi mərhələnin formalaşdığını nümayiş etdirən mühüm məqamdır. Son aylarda Avropa Komissiyası və Avropa İttifaqı rəhbərliyinin Bakıya intensiv səfərləri enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik məsələlərində Azərbaycanın artan rolunun göstəricisidir. Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası ilə bağlı prinsipial mövqe də bir daha ifadə olundu. Dövlətimizin başçısı vurğuladı ki, münasibətlərin normallaşması yalnız qarşılıqlı hörmət, beynəlxalq hüquq və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında mümkündür. ABŞ ilə münasibətlər də forumun diqqət mərkəzində olan məsələlərdən idi. Prezident İlham Əliyev Vaşinqtonla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd etdi. Ticarət, müdafiə sənayesi, süni intellekt, rəqəmsal texnologiyalar və enerji sahələrində əməkdaşlığın genişlənməsi Azərbaycan-ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin formalaşdığını göstərir. Eyni zamanda, 907-ci düzəlişin müasir reallıqlarla uzlaşmayan və artıq aktuallığını itirmiş siyasi qərar olduğu, onun ləğvinin zəruriliyi ilə bağlı səsləndirilən fikirlər Azərbaycanın dəyişən regional reallıqlar fonunda daha obyektiv və ədalətli yanaşma gözlədiyini bir daha nümayiş etdirdi”,- deyə o deyib.
A.Qurbanova bildirib ki, forum zamanı Azərbaycan-Türkiyə müttəfiqliyi də xüsusi vurğulandı. Şuşa Bəyannaməsinin regionun təhlükəsizlik arxitekturasında yeni mərhələ yaratdığı qeyd edildi. Şübhəsiz ki, Azərbaycan-Türkiyə münasibətlərinin klassik strateji tərəfdaşlıq modelini aşaraq tamhüquqlu müttəfiqlik səviyyəsinə yüksəlməsi Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin əsas təminatlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin Rusiya, Çin və Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə dair fikirləri isə Azərbaycanın balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursunun ardıcıl şəkildə davam etdirildiyini göstərdi.
“Forumun ən mühüm siyasi mesajlarından biri isə Azərbaycanın milli təhlükəsizlik konsepsiyası ilə bağlı idi. Prezident İlham Əliyev vurğuladı ki, müasir dövrdə təhdidlər yalnız hərbi xarakter daşımır. İnformasiya müharibələri, dezinformasiya kampaniyaları, siyasi təzyiqlər, iqtisadi sanksiyalar və ideoloji təsirlər də milli təhlükəsizliyin əsas komponentlərinə çevrilib. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, dövlətimizin başçısının “yalnız öz gücümüzə arxalanmalıyıq” tezisi müasir Azərbaycanın milli təhlükəsizlik və xarici siyasət doktrinasının fundamental prinsipini ifadə edir”, – deyə politoloq əlavə edib.
