Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, media artıq təkcə informasiya ötürən platforma deyil, həm də texnologiyanın ən sürətlə transformasiya etdiyi sahələrdən biridir. Müzakirələrin əsas mesajı ondan ibarət idi ki, süni intellekt (AI) media istehsalını daha çevik və səmərəli etsə də, etibarlı informasiya, peşəkar jurnalistika və etik prinsiplər öz əhəmiyyətini qoruyacaq. Gələcəyin mediasında rəqabət üstünlüyü texnologiyanı tətbiq etməkdən daha çox, onu məsuliyyətli və düzgün şəkildə istifadə etmək bacarığı ilə müəyyən olunacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında texnobloger Tariyel Ağazadə səsləndirib.
O qeyd edib ki, forum çərçivəsində aparılan müzakirələrin əsas mesajı texnologiyadan məsuliyyətli istifadənin vacibliyi ilə bağlı olub: “Yaxın illərdə süni intellekt media istehsalının bütün mərhələlərinə daha dərindən inteqrasiya olunacaq. Kontentin hazırlanması, video və vizual materialların yaradılması, fərdiləşdirilmiş xəbər axınları, real vaxt tərcüməsi və auditoriya analitikası artıq AI vasitəsilə daha sürətli həyata keçiriləcək. Bununla yanaşı, dezinformasiya və “deepfake” texnologiyalarının yaratdığı risklər də artacaq. Bu səbəbdən media qurumları texnoloji imkanlarla yanaşı, etibarlılığın və şəffaflığın qorunmasına da xüsusi diqqət yetirməlidirlər”.
Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlərə də toxunan Tariyel Ağazadə bildirib ki, dövlət başçısının informasiyanın obyektivliyi və etibarlı mənbələrin rolu ilə bağlı fikirləri xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan Prezidentinin çıxışında diqqətimi xüsusilə çəkən məqamlardan biri informasiyanın düzgün və obyektiv təqdim edilməsinin, eləcə də qlobal informasiya məkanında etibarlı mənbələrin rolunun vurğulanması oldu. Süni intellekt dövründə informasiyanın istehsalı sürətlənsə də, onun etibarlılığı və faktlara əsaslanması əvvəlkindən daha vacibdir. Bu baxımdan, forumda səsləndirilən fikirlər yalnız Azərbaycan üçün deyil, bütün dünya mediası üçün aktual çağırışları əks etdirirdi”.
Texnoblogerin sözlərinə görə, Azərbaycanın belə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin media və rəqəmsal innovasiya ekosisteminin inkişafına da mühüm töhfə verir: “Belə beynəlxalq platformaların Azərbaycanda keçirilməsi ölkəmizin qlobal media və innovasiya gündəmində fəal iştirakını nümayiş etdirir. Şuşa Qlobal Media Forumu müxtəlif ölkələrdən media nümayəndələrini, texnologiya ekspertlərini və qərarvericiləri bir araya gətirərək əməkdaşlıq və yeni ideyaların formalaşması üçün mühüm imkan yaradır. Bu, həm Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir, həm də yerli media və innovasiya ekosisteminin qlobal təcrübə ilə daha sıx inteqrasiyasına töhfə verir”.
