16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan şagird ifadə verdi – “Səhərəcən yata bilmədim”

Xəbər verdiyimiz kimi, “İdrak” liseyində müəllimin güllələnməsində ittiham olunaraq həbs edilən yeniyetmə atası Samir Şirinovun cinayət işi üzrə şahid qismində ifadə verib.

Teleqraf-ın xəbərinə görə, yeniyetmə həmin ifadəsində bildirib ki, silahı ilk dəfə Bakıya təzə köçəndə, polis əməkdaşları tərəfindən silaha baxış keçirilərkən görüb.

O qeyd edib ki, silahın qoyulduğu yer isə yeni il tədbirinə hazırlaşanda atasından qalstuk istəyərkən qarderob otağında qutuların arxasında gözünə dəyib:

“Evdə hamının başı bacımın nişan mərasiminə qarışdığı bir vaxtda təsadüfən qarderob otağının açıq olduğunu gördüm və silahı götürərək sinif yoldaşlarıma göstərmək fikrinə düşdüm. Çünki həmin vaxt xatırladım ki, bir dəfə sinif yoldaşlarımla danışanda evdə silahlarımız olduğunu desəm də, mənə inanmadılar. Mən də silahı götürüb şəklini və videolarını çəkdim, sinif yoldaşlarıma göndərdim. Onlar mənə inanmadılar, elə bildilər ki, oyuncaq silahdır”.

Yeniyetmənin sözlərinə görə, silahı yerinə qoymaq istəyəndə qarderob otağının bağlı olduğunu görüb, bu səbəbdən məcbur qalıb, silahı öz otağına aparıb: “Fikirləşdim, silahı harada gizlədim ki, sonra yerinə qaytara bilim. Silahı qardaşımın idman çantasına qoydum. Düşündüm ki, qardaşım idmana gedəndə çantada silahı görər və bu barədə valideynlərimizə məlumat verər. Onlar da məni danlayıb, silahı alaraq yerinə qoyarlar. Lakin bu niyyətim baş tutmadı”.

Təqsirli bilinən şəxsin sözlərinə görə, sabahı gün səhər tezdən oyananda özü qəsdən evdə bərk gəzib ki, kimsə səsə gələrək idman çantasına baxsın: “Bununla silahın çantada olması aşkara çıxsın və onu məndən götürsünlər. Səhərə kimi həyəcandan yata bilmədim. Səhər tezdən yuxudan duraraq evdə səs-küy saldım. Lakin nə atam, nə də anam yuxudan durdu. Arzu etdim ki, kimsə mənə mane olsun. Amma mənə heç kim mane olmadı. Beləcə çantanı özümlə apardım. Lakin bu hərəkəti nə üçün etdiyimi, niyə etdiyimi bilmədim”.

Yeniyetmə deyib ki, müəllimi onunla yaxşı rəftar etməyib, “sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur” kimi ifadələr işlədib: “Düşünürəm ki, bəlkə elə onu qorxutmaq üçün silahdan istifadə etmişəm”.

Zərərçəkmiş müəllim Şəhla Kamilova isə ifadəsində göstərib ki, təqsirləndirilən şəxsin silahı hansı şəraitdə saxlaması haqqında məlumatlı olmayıb:

“Şagirdim olmuş şəxsin belə bir hərəkət edəcəyini ağlıma belə gətirməmişəm. Bu vaxta qədər ondan özümə qarşı heç bir aqressiv hərəkət görməmişəm. Belə bir hərəkətini isə ümumiyyətlə gözləməmişəm”.

Zərərçəkmiş şəxs ona verilən suallara cavabda bildirib ki, hadisə anidən baş verib: “Mən şagirdi ümumiyyətlə görməmişəm. Əvvəlcə heç nə başa düşmədim. Mənə hətta elə gəldi ki, təzyiqim aşağı düşüb. Sonra boynumun arxasından isti nə isə axdığını, uşaqların şagirdin elədiyini dediklərini eşitdim və köməyə adam çağırılmasını xahiş etdim. Boyun nahiyəmdən xəsarət almışdım”.

Sonda zərərçəkmiş şəxs təqsirləndirilənlə barışdığını, ona qarşı şikayəti olmadığını deyib.

Qeyd edək ki, həm şagird, həm də müəllim bu ifadələri Binəqədi Rayon Məhkəməsində keçirilən proses zamanı veriblər.