Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Azərbaycan qonşu dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin qurulmasına böyük önəm verir: “Ölkəmiz regionda geosiyasi və iqtisadi birləşdirici körpü rolunu oynayır, enerji və nəqliyyat layihələri ilə qonşuların iqtisadi əlaqələrini dəstəkləyir. Bununla belə, yaxın regionlarda qonşu dövlətlərin ərazilərində baş verən hərbi toqquşmalar ciddi narahatlıq doğurur. Bu mənada, qonşu sərhədlərimizdə davam edən münaqişə bütün region üçün təhlükədir. Azərbaycan bu münaqişənin tezliklə həllinin tərəfdarıdır. Çünki İran Azərbaycanın yaxın qonşusudur, bu ölkədə milyonlarla azərbaycanlı yaşayır”.
Millət vəkilinin sözlərinə görə, rəsmi Bakı heç vaxt ölkəmizin ərazisindən qonşu dövlətlərə qarşı istifadə olunmasına icazə verməyib və hazırda da bu mövqeyində qalır: “Rəsmi Tehran da Azərbaycanın bu yanaşmasını təqdir edir. Lakin İranın daxilində bəzi qüvvələr mehriban qonşuluğumuza zərər vurmağa çalışır. İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən Azərbaycanın dövlət televiziya kanalı olan AzTV-nin “düşmən media qurumları” siyahısına daxil edilməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi də bunun göstəricisidir”.
“İranın sözügedən dövlət qurumunun bu addımı birtərəfli və qərəzli yanaşmadan başqa bir şey deyil. Belə qərarlar qarşılıqlı etimadın möhkəmlənməsinə deyil, əksinə, informasiya mühitində gərginliyin artmasına xidmət edir. Nəzərə alaq ki, Azərbaycan mediası regionda baş verən prosesləri peşəkar jurnalistika prinsipləri çərçivəsində işıqlandırmağa çalışır. Belə olan halda, Azərbaycan Dövlət Televiziyasını “düşmən media” kimi təqdim etmək nə peşəkar fəaliyyətlə, nə də faktlarla uzlaşır. Ona görə də həmin qərar Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanır. Dövlətlərarası münasibətlərdə media sahəsində əməkdaşlıq və qarşılıqlı hörmət mühüm əhəmiyyət daşıdığı halda, birtərəfli ittihamlar bu münasibətlərə xələl gətirir. Əlbəttə, dövlətimiz bu cür əsassız qərarları qəbul etmir və yanlış addımları cavabsız qoymaq niyyətində də deyil. İranın ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektləri olan “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan ərazisində fəaliyyəti qanunsuz hesab edilməsi də bunun göstəricisidir. Yaxşı olardı ki, İrandakı müəyyən dairələr Azərbaycana şər-böhtan atmaq əvəzinə, öz dostlarını və düşmənlərini yaxşı tanısınlar”,-deyə Samir Vəliyev vurğulayıb.
