Cənubi Qafqazda sabitlik mövzusu ölkəmizin iqtisadi diplomatiyasının əsas gündəmindədir. Azərbaycan-Ermənistan sülh prosesi, Gürcüstanla strateji əməkdaşlıq və Avropa və Türk dünyasının inteqrasiyası regionu müharibə gündəmindən çıxarıb əməkdaşlıq və inkişaf xəttinə yönəldir. Bu, həm enerji, həm də nəqliyyat dəhlizlərinin genişlənməsi ilə iqtisadi sabitlik üçün yeni imkanlar açır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aydın Tağıyev deyib.
O qeyd edib ki, mövcud vəziyyətdə postmünaqişə dövründə, yəni 44 günlük müharibə və sonrakı proseslər nəticəsində regionda əvvəlki status-kvo dəyişib. Ərazi bütövlüyünün bərpası ilə münaqişənin əsas səbəbi aradan qalxıb və bundan sonra əsas gündəm sülh müqaviləsinin yekunlaşdırılması, diplomatik münasibətlərin qurulması və regional əməkdaşlıq imkanlarının açılmasıdır: “Görünən mənzərə odur ki, ölkəmiz təkcə Cənubi Qafqazda deyil, həm də Avrasiya məkanında əsas nəqliyyat, enerji və logistika mərkəzinə çevrilib. Azərbaycan Şərq-Qərb (Asiya-Avropa) və Şimal-Cənub (Rusiya-İran-Hind Okeanı) tranzit dəhlizlərinin kəsişməsində yerləşir. Bu coğrafi reallıq Azərbaycana beynəlxalq yük daşınmasında tranzit rolunu oynamağa imkan verir və bu, gündən-günə inkişaf edir. Digər bir aspektdən deyim ki, Azərbaycan-Gürcüstan strateji əməkdaşlığı uğurla davam etdirilir. Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr regionun iqtisadi xəritəsini dəyişir. Gürcüstan tranzit mərkəzi rolunu gücləndirir, Azərbaycan isə enerji ixracını genişləndirir. Bu ilin mayında imzalanmış sənədlərə Gürcüstana təbii qazın təchizatı, Azərbaycan təbii qazının beynəlxalq bazarlara əlavə təchizatı üçün tranzit razılaşmalarının davam etdirilməsi, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılan modernləşdirmə və xüsusilə vurğulmaq istəyirəm ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi Orta Dəhlizin inkişafı və Xəzər hövzəsindən Avropaya enerji marşrutları Türk dünyasının geosiyasi çəkisi – bütün bunlar Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir”.
Politoloq bildirib ki, digər bir tərəfdən Prezident İlham Əliyevin Almaniya səfəri Avropa İttifaqı ilə yeni tərəfdaşlıq modelini təsdiqlədi. Bu, regionun sabitliyini beynəlxalq müstəvidə legitimləşdirir və iqtisadi diplomatiyanın Avropa bazarlarına çıxışını gücləndirir. Cənubi Qafqazda sabitlik iqtisadi diplomatiyanın mühüm alətinə çevrilib. Azərbaycan bu sabitliyi regional əməkdaşlıq, Türk dünyası inteqrasiyası və Avropa ilə tərəfdaşlıq vasitəsilə möhkəmləndirir. Bu, yalnız ölkəmizin iqtisadi rifahı deyil, həm də dünya miqyasında siyasi nüfuzumuzun artmasının, söz sahibi olduğumuzun bariz nümunəsidir”.
