Madrid muxtar icmasının hökuməti İspaniya kabinetindən bölgədəki meşə yanğınlarından sonra Aİ-nin həmrəylik fondundan istifadə etməyi xahiş edib. Bu barədə yerli hakimiyyət orqanlarının mətbuat açıqlamasında bildirilib.
Onların sözlərinə görə, “Madrid Muxtar İcması mərkəzi hökumətdən meşə yanğınlarının nəticələri ilə mübarizə aparmaq üçün Aİ həmrəylik fondunu təcili olaraq aktivləşdirməsini xahiş edib”. Regional hakimiyyət orqanları bildirib ki, “bu fond böyük təbii fəlakətlərdən təsirlənən üzv dövlətləri dəstəkləmək üçün hazırlanmış Aİ alətidir və gözlənilməz xərclərin bir hissəsini maliyyələşdirir”. Onlar əlavə ediblər ki, bu mexanizm təsirlənmiş ərazilərin və həyati əhəmiyyətli infrastrukturun bərpasına kömək edəcək.
İspaniyada hazırda bir neçə meşə yanğını tüğyan edir. Bunlardan ən böyüyü Madrid muxtar icmasına və Avila əyalətinə təsir edib. Ötən həftə başlayan və təxminən 77.000 hektar ərazini əhatə edən yanğın hələ də nəzarət altında deyil, lakin vəziyyət sabitləşib. İspaniya hakimiyyəti yanğınlardan ciddi şəkildə zərər çəkən əraziləri fövqəladə vəziyyət elan edib. Yerli medianın məlumatına görə, Avila əyalətində baş verən meşə yanğını ölkə tarixində qeydə alınmağa başlanandan bəri ən böyük yanğındır.
Baş nazir Pedro Sançez iyulun 27-də bildirib ki, yanğınlar bu il ölkədə təxminən 150.000 hektar ərazini məhv edib və 13 nəfərin ölümünə səbəb olub. (Tass)
