İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı növbəti sərbəst satış sertifikatlarını təqdim edib.
“Report” Mərkəzə istinadən xəbər verir ki, sertifikatlar Azərbaycanda istehsal olunan 200 və 1000 millilitrlik ölçülərdə nar şirəsinin Dominikana ixracı üçün nəzərdə tutulub.
Sərbəst satış sertifikatı ölkə Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq fərmanına uyğun təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Bu sertifikatın əldə olunması Azərbaycan məhsullarının Karib hövzəsi kimi yeni və perspektivli bazarlara çıxışını təmin edərək, ölkəmizin ixrac coğrafiyasının genişlənməsində mühüm rol oynayır. Eyni zamanda, Dominikan bazarına giriş milli məhsullarımızın qlobal miqyasda rəqabətədavamlılığının və yüksək keyfiyyətinin göstəricisidir.
Ümumilikdə 2018-ci ilin aprel ayından 2026-cı il iyun ayına kimi 773 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın təqdim edilməsi sahibkarların xarici bazarlara çıxış imkanlarını genişləndirərək qeyri-neft ixracının artırılmasına və “Made in Azerbaijan” brendinin təşviqinə dəstək olur.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.
