Bu gün öz geostrateji mövqeyinə görə Naxçıvan nəinki Azərbaycan, ümumiyyətlə, Türk dünyası üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Naxçıvan Cənubi Qafqazın gələcək regional inkişafı və dünyanın aparıcı ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi baxımından da mühüm rol oynaya bilər. Naxçıvanın bu gün Azərbaycan dövlətinin xüsusi diqqət və qayğısı ilə əhatə olunmasının mühüm tarixi əsasları var. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri səsləndirib.
“Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində Ermənistanın işğalçı siyasəti nəticəsində blokadaya düşən Naxçıvan ağır sosial-iqtisadi və humanitar problemlərlə üzləşmiş, Azərbaycanın əsas hissəsi ilə quru əlaqələri kəsilmişdi. Xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Naxçıvanın blokadanın ağır nəticələrindən mümkün qədər az zərər çəkməsi və Azərbaycanın əsas hissəsi ilə əlaqələrinin qorunması istiqamətində məqsədyönlü addımlar atdı. Qonşu dövlətlərlə aparılan danışıqlar nəticəsində Naxçıvanın təbii qaz və enerji təminatı məsələsində mühüm nəticələr əldə edildi. Sonrakı addımlar və imzalanan sənədlər də blokada şəraitində yaşayan əhalinin sosial-iqtisadi və humanitar problemlərinin aradan qaldırılmasına dəstək verdi”, – deyə siyasi şərhçi vurğulayıb.
Nadir Azəri qeyd edib ki, Naxçıvanın sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Dövlət başçısının Naxçıvana 17-ci səfəri bunun növbəti göstəricisidir. Səfər zamanı Muxtar Respublikanın sosial-iqtisadi inkişafı və qarşıda duran yeni vəzifələr diqqət mərkəzinə gəlib. Səfər çərçivəsində Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə də xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı həmin müsahibədə Naxçıvanın sosial-iqtisadi inkişafı ilə yanaşı, yeni mərhələdə onun enerji potensialının daha geniş reallaşdırılması istiqamətində görülən işlərdən də bəhs etdi. Bu, Naxçıvanın gələcək inkişafının kompleks xarakter daşıdığını göstərir.
Siyasi şərhçi Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə 258 milyon manat vəsaitin ayrılmasını da bu siyasətin mühüm davamı kimi qiymətləndirib. Vəsait 2023–2027-ci illər üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərin davamı olaraq Naxçıvanın inkişafına yönəldiləcək. Bu vəsait hesabına alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, təhsil və abadlıq layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Bu qərar dövlət başçısının regionların tarazlı inkişafı siyasətinin və Naxçıvana xüsusi diqqətinin konkret təzahürüdür.
Onun sözlərinə görə, Naxçıvanın Günəş enerjisi imkanları, yeni Günəş elektrik stansiyalarının yaradılması, 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası və digər layihələr muxtar respublikanın enerji potensialını əhəmiyyətli dərəcədə artıracaq. Perspektivdə Naxçıvan elektrik enerjisi istehsal və ixrac edən mühüm mərkəzlərdən birinə çevrilə bilər: “Hesab edirəm ki, enerji, nəqliyyat və kommunikasiya imkanlarının paralel inkişafı Naxçıvanın Azərbaycanın əsas hissəsi, o cümlədən Türkiyə və bütövlükdə Türk dünyası ilə əlaqələrində yeni imkanlar yaradacaq. Xüsusilə Zəngəzur dəhlizinin reallaşması bu potensialın daha geniş regional sistemə inteqrasiyasına mühüm töhfə verə bilər. Bütün bunlar isə Naxçıvan üçün yeni inkişaf mərhələsinin formalaşdığını göstərir. Məqsəd yalnız mövcud problemləri həll etmək deyil, Muxtar Respublikanın iqtisadi, enerji, nəqliyyat və kommunikasiya potensialını tam şəkildə ortaya çıxarmaqdır. Nəticədə Naxçıvanın Azərbaycanın iqtisadi inkişafına verdiyi töhfə artacaq, onun Cənubi Qafqaz və Türk dünyasının gələcək iqtisadi əlaqələrində strateji rolu daha da möhkəmlənəcək. Naxçıvan artıq yalnız blokadanın ağır nəticələrini aradan qaldıran bir region deyil. Bu gün əsas hədəf onu inkişaf edən, enerji istehsal edən, nəqliyyat və kommunikasiya imkanları genişlənən, regionun iqtisadi əlaqələrində mühüm rol oynayan strateji mərkəzə çevirməkdir. Prezident İlham Əliyevin son qərarları və Naxçıvanda səsləndirdiyi fikirlər də bu məqsədin ardıcıl şəkildə həyata keçirildiyini göstərir”.
