Moldovanın keçmiş prezidenti (1997-2001) Petru Luçinski hazırkı rəhbərliyin Aİ-yə üzvlük prosesi çıxılmaz vəziyyətə düşərsə, Rumıniya ilə birləşmə ehtimalı ilə bağlı açıqlamalarını tənqid edib.
“Bu, ciddi yanaşma deyil. Necə getməli, birləşməli və sair barədə bütün bu söhbətlər bizi güzəştə aparır. Bu, qəbuledilməzdir; biz ardıcıl olmalıyıq. Demək istəyirəm ki, biz Avropaya inteqrasiyanın tərəfdarıyıq”, – deyə Luçinski “ Noah ” qəzetində dərc olunmuş müsahibəsində vurğulayıb. O, Moldovanın Avropa ilə yaxşı münasibətlərinin olduğunu qeyd edib. Siyasətçinin sözlərinə görə, Moldova dövlətçiliyindən imtina edərək Rumıniya ilə birləşməyin mümkünlüyü ilə bağlı müzakirələr “hökumətin Aİ-yə inteqrasiya istiqamətində bəyan etdiyi kursa inamı sarsıda və əhalini çaşdıra bilər”.
“Bu, insanların şüurunun və fəaliyyətinin qeyri-sabitləşməsidir. Bu, yaxşı deyil. Hətta burada yaşayanlar üçün belə”, – deyə o, aydınlıq gətirib. Bir vaxtlar Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü olan və Moldovanın xarici siyasət üzrə aparıcı səlahiyyətlilərindən biri olan Luçinski izah edib ki, “bu cür genişmiqyaslı dəyişikliklər kiçik bir dairənin verdiyi qərarların və ya müxtəlif mərhələlərdə ortaya çıxan siyasi formulların nəticəsi ola bilməz. Müəyyən ilkin şərtlər var və onlar yetkinləşməlidir. Bu cür işlər səbəbsiz yerə edilmir”, – deyə o bildirib. (Tass)
