AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti nömrəsi işıq üzü görüb. Jurnalda ədəbiyyat, fəlsəfə, tarix, etnoqrafiya və siyasi elmlər sahələrinə aid elmi məqalələr dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnalda Azərbaycan alimləri ilə yanaşı, Gürcüstan və Pakistandan olan müəlliflərin də məqalələri dərc olunub. Gürcüstanlı Giorgiy Svanidzenin məqaləsi “Gürcüstan müsəlman icmasının sosial inteqrasiyasının hüquqi aspektləri”, pakistanlı Şeraz Mehmoodun məqaləsi isə “Mərkəzi Asiya ölkələrində daxili siyasi təhdidlər və onların xarici təzyiqlərlə əlaqəsi” adlanır.
Nəşrdə Azərbaycan alimlərinin “Yaponiyada türkologiyanın inkişafında qədim uyğur tədqiqatlarının rolu”, “Qırx Batır haqqında dastan silsiləsində “Kıdırbay və onun nəsli”, “Ərəb ədəbiyyatında “Bənu Hilal” dastanının yaranma tarixi və ideya-məzmun özəllikləri”, “Şəhriyarın farsdilli “Divan”ında təkrarın funksional mövqeyi”, “Cürci Zeydanın həyatı və ədəbi irsi”, “Əndəlus şairlərinin yaradıcılığında bədii təsvirlər” və digər məqalələr təqdim edilib.
