ABŞ hakimiyyəti keçən həftə Qəzza zolağının Rəfah şəhərində hərbi əməliyyat zamanı istifadə oluna biləcəyi ilə bağlı narahatlıqlar fonunda İsrailə 3500 hava bombasının tədarükünü dayandırıb. Bu barədə CNN Amerika administrasiyasının rəsmisinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, söhbət 2 min funt sterlinq (907 kq) olan 1,8 min bomba, həmçinin 500 funt sterlinq (təxminən 227 kq) olan 1,7 min bombanın tədarükünün dayandırılmasından gedir. Adını açıqlamayan məmur CNN-ə deyib: “Biz xüsusilə 2000 funt-sterlinqlik bombalardan istifadə məsələsinə və onların Qəzzanın digər hissələrində gördüyümüz kimi, əhalinin sıx məskunlaşdığı şəhərlərdə göstərə biləcəyi təsirə diqqət yetiririk”.
“The New York Times” qəzetinin Amerika administrasiyasındakı rəsmilərə istinadən qeyd etdiyi kimi , ABŞ prezidenti Co Bayden İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bəri ilk dəfə olaraq silah tədarükünün dayandırılmasını siyasətlərinə təzyiq vasitəsi kimi istifadə edib. Qeyd edilir ki, bu tədbir “müharibənin aparılma üsulu ilə bağlı ABŞ və İsrail arasında artan parçalanmanın əlamətidir”. Nəşr yazır ki, ABŞ administrasiyası adi bombaları dəqiq silaha çevirə bilən təlimat dəstləri də daxil olmaqla, gələcək tədarükləri dayandırıb- dayandırmaq barədə düşünür. (Tass)