Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən Tələbə Elmi Cəmiyyətinin (TEC) “Gənclər və innovasiya” adlı seminarı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən universitetin tədris işləri üzrə prorektoru Əhməd Məlikov tələbələrin elmi fəaliyyətə marağının artırılmasının onların gələcək peşə hazırlığında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərin bilik və bacarıqlarının inkişafına, elmi düşüncə tərzinin formalaşmasına şərait yaradır.
Universitetin elmi işlər üzrə prorektoru Azad İbrahimov Tələbə Elmi Cəmiyyətinin tələbələrin elmi potensialının üzə çıxarılmasında mühüm platforma olduğunu vurğulayaraq, belə tədbirlərin innovativ yanaşmaların formalaşmasına və yeni ideyaların irəli sürülməsinə töhfə verdiyini qeyd edib.
Mühəndislik fakültəsinin dekanı Təvəkgül İslamov və Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasının müdiri Aydın İsayev çıxışlarında tələbələrin elmi seminar və konfranslarda iştirakının onların həm nəzəri, həm də praktiki biliklərinin inkişafı baxımından əhəmiyyətli olduğunu bildiriblər. Onlar bu kimi platformaların tələbələrin öz fikirlərini sərbəst ifadə etmə bacarıqlarının formalaşmasında mühüm rol oynadığını deyiblər.
Seminar çərçivəsində “Ağıllı sahə: iqlim böhranına qarşı avtonom qalxan” adlı layihə təqdim olunub. Daha sonra tələbələrin məruzəsi dinlənilib. Professor-müəllim heyəti tərəfindən çıxışlar qiymətləndirilib, mövzularla bağlı fikir və təkliflər səsləndirilib, tələbələrə təkmilləşdirmə istiqamətində tövsiyələr verilib.
Tədbirin sonunda fəal iştirak edən tələbələr sertifikat və təşəkkürnamələrlə təltif olunublar.
