Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Keyfiyyətin təminatı şöbəsinin təşkilatçılığı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) “Keyfiyyət elçiləri” layihəsinin könüllüləri ilə görüş keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi filialda tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələrin tədris prosesi ilə bağlı rəy və təkliflərinin öyrənilməsi, eləcə də “keyfiyyət mədəniyyəti”nin inkişaf etdirilməsi istiqamətində tələbə iştirakçılığının gücləndirilməsi olub.
Görüşdə Keyfiyyətin təminatı şöbəsinin əməkdaşları tərəfindən keyfiyyət təminatı mexanizmləri, tələbə məmnunluğunun qiymətləndirilməsi, akademik mühitin təkmilləşdirilməsi və tələbələrin bu proseslərdə rolu barədə məlumat verilib.
Layihənin könüllüləri tərəfindən müxtəlif təkliflər səsləndirilib, tələbələri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
