Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Bakı şəhərində yerləşən 5 tələbə yataqxanasından yalnız biri hazırda tələbələrin istifadəsindədir.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev AZƏRTAC-a açıqlamasında bildirib ki, universitetin 5 nömrəli yataqxanası təhsil alan qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbənin yerləşdirilməsi mümkündür. Onun sözlərinə görə, yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 manat təşkil edir. Burada tələbələr kommunal və internet xidmətləri, istirahət otaqları və digər zəruri şəraitlə təmin olunurlar. Bütün otaqlar tam təmirlidir.
Qeyd olunub ki, yataqxanaya əsasən sosial həssas qrupa aid olan və əcnəbi xanım tələbələr qəbul edilirlər.
