Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər. İndiyədək tarlalardan 39 min 139,4 ton “ağ qızıl” toplanıb, orta məhsuldarlıq 33,11 sentnerdir.
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun baş mütəxəssisi Ramiz Quluzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il rayonda “Azərpambıq” MMC-nin Ağcabədi filialı, “Prime cotton” MMC-nin Ağcabədi filialı, “P-Aqro” MMC, “Hüseyn Pambıq İK” MMC, “Prime cotton” MMC-nin Ağdam filialı, “Azərpambıq” MMC-nin Ağdam filialı, “Azərşəkər” MMC və “Cotton Trade” MMC ilə müqavilə əsasında olmaqla, ümumilikdə 11 min 821,68 hektar sahədə pambıq becərilib.
Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər – kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il tarlalarda daha bol məhsul yetişib. Pambığın itkisiz yığılması, istehsalı və emalının yüksək səviyyədə həyata keçirilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir. Sahələrdə aparılan yığım prosesi daim nəzarətdə saxlanılır. Rayon rəhbərliyinin, aidiyyəti qurumların iştirakı ilə tarlalarda aparılan yığım işlərinə baxış keçirilir.
Qeyd edək ki, 2024-cü ildə Ağcabədi rayonunda 13 min 112 hektar sahədə pambıq əkilib, 37 min 277 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 28,4 sentner olub.
