Avropa İttifaqı Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul edib. Bunu Aİ diplomatiyasının rəhbəri Kaja Kallas 27 icma ölkəsinin xarici işlər nazirlərinin ilk görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Biz Gürcüstanın diplomatik və xidməti pasportları üçün vizasız rejimin dayandırılması ilə bağlı razılığa gəldik” deyən o, Avropa Komissiyasının gələn həftə Aİ-yə üzv ölkələrə müvafiq təkliflə çıxış edəcəyini və sonra onu təsdiqləməli olacağını vurğulayıb.
Eyni zamanda, Kallas bildirib ki, Aİ ölkələri icmanın fikrincə, ölkədə repressiyalara və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan gürcü məmurlarına qarşı şəxsi sanksiyaların tətbiqi ilə bağlı razılığa gələ bilməyib. “Sanksiyaları tətbiq etmək üçün təəssüf ki, bizdə hələlik olmayan birliyə ehtiyacımız var” deyib.
Kallas Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyaların Macarıstan və Slovakiya tərəfindən bloklandığını təsdiqləyib. Lüksemburq və bir sıra digər ölkələr də “Gürcü arzusu” partiyasına qarşı sanksiyaların əleyhinə çıxış ediblər.
Avropa İttifaqı Gürcüstanda oktyabrda keçirilən parlament seçkilərinin nəticələrini şübhə altına alıb və respublika rəhbərliyini insan hüquqlarının və vətəndaş azadlıqlarının müdafiəsi prinsiplərinə uyğun gəlməyən qanunlar qəbul etməkdə ittiham edib. Bununla bağlı Brüssel Gürcüstanın Aİ-yə inteqrasiya prosesinin dayandırılması məsələsini qaldırıb. (Tass)
