Avropa İttifaqı Mərkəzi Asiyaya genişlənməyə çalışmır və Rusiya və Çinin regionda mövcudluğundan xəbərdardır. Bunu Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais deyib.
“Biz bilavasitə qonşu deyilik və bizi Mərkəzi Asiya ölkələrinin hesabına genişlənmək cəhdlərində, istər siyasi, istərsə də iqtisadi ekspansiyada ittiham etmək çox çətindir. Hesab edirəm ki, bizim əlaqələrimiz yalnız qarşılıqlı faydaya əsaslanır”, – diplomat Kaztag xəbər agentliyinə müsahibəsində qeyd edib.
“Eyni zamanda, əlbəttə ki, biz başa düşürük ki, burada başqa tərəfdaşlar, oyunçular var, bəzən belə deyə bilərik. Təbii ki, bura Çin və Rusiya Federasiyası da daxildir”, – Stiprais deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının Mərkəzi Asiyadakı marağı “regionun davamlı inkişafını və burada sülh və rifahın hökm sürməsini təmin etməkdir”. “Çünki bu, bizim təhlükəsizlik məsələlərinə birbaşa təsir edir”, – Aİ nümayəndəsi əlavə edib. (Tass)
