“Report” xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inklüzivliyi departamentinin direktor müavini Ramil Mahmudov deyib.
Onun sözlərinə görə, bu gün fintexlər bankların gördüyü işlərə doğru böyüyərək həmin sahəyə çatmağa çalışır: “Eyni zamanda, banklar da fintexlərin təqdim etdiyi xidmətlərə yaxınlaşmaq istəyir. Bu proses nə yaxşı, nə də pisdir, ən vacib məqam odur ki, bu rəqabətin nəticəsində xidmət alan müştərilər qazanır. Müştərilər isə qiymətləndirir: hansı xidməti kimdən almaq daha sərfəlidir? Bu gün hər birimiz xidmət istifadəçisiyik və sonda qərarı biz veririk – hansı şirkət və ya bank daha keyfiyyətli, daha rahat və daha dəyərli xidmət təqdim edirsə, seçimimiz də ona yönəlir. Böyük bir bankın geniş xidmət portfeli ola bilər, lakin müştəri məmnun deyilərsə, həmin xidmətə yalnız zərurət olduqda qayıdır. Əks halda isə daha yaxşı xidmət göstərən alternativlə əməkdaşlıq etməyə üstünlük verir”.
R. Mahmudovun fikrincə, eyni zamanda, banklarla aparılan davamlı müzakirələr də göstərir ki, onların tətbiqlərinin daha məhsuldar və daha innovativ olmasını təşviq edilir: “Lakin banklar bəzən qeyd edirlər ki, bütün funksiyalar tətbiqə inteqrasiya olunsa belə, müştəri onlardan istifadə etmir və bu da əlavə resurs və xərc yaradır. Nəticə etibarilə, hansı texnologiya və ya xidmət modelinin uğurlu olmasını müəyyən edən əsas faktor yenə də müştəri seçimidir”.
