Bu gün texnologiya və süni intellekt dövrüdür. Azərbaycan dili də müasir texnologiyaların dili kimi sürətlə inkişaf edir. Bu baxımdan informasiya və kommunikasiya texnologiyaları sahəsində Azərbaycan dilinin tətbiqinin təkmilləşdirilməsi ilə bağlı layihələrin hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Çünki texnoloji avadanlıqların proqram təminatının tam şəkildə Azərbaycan dilində təqdim olunmasına ciddi ehtiyac var.
Bunu AZƏRTAC-a açıqlamasında BDU-nun Filologiya fakültəsinin dekan müavini, Ümumi dilçilik kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Anar Fərəcov deyib.
Onun sözlərinə görə, artıq dilimizə çevrilmiş proqramlarda çoxlu qrammatik və üslub qüsurlarına rast gəlinir. Xüsusilə süni intellekt sistemlərinin Azərbaycan dilindən daha dəqiq və səlis şəkildə istifadə etməsi istiqamətində işlər genişləndirilməlidir.
“Dilimizin daha da inkişaf etdirilməsi və zənginləşdirilməsi məqsədilə ədəbi-mədəni fəaliyyətlə məşğul olan şəxslərə xüsusi dəstək göstərilməlidir. Peşəkar üslubda yazılmış, dərin məntiqə və səlis məzmuna malik yeni ədəbi əsərlərə ciddi ehtiyac var. Qardaş Türkiyənin təcrübəsi buna bariz nümunədir: orada yaradılan ədəbi əsərləri oxuduqca və həmin əsərlər əsasında çəkilən filmləri izlədikcə türk dilinin zənginləşməsində ədəbi-mədəni məhsulların nə qədər böyük rol oynadığı aydın görünür”, – deyə o bildirib.
