İyunun 4-də Ankara Universiteti rektorluğunda “Qars və Qərbi Azərbaycanın ənənəvi geyim mədəniyyəti ortaq irs işığında” adlı konfrans və sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, Şərqi Anadolu və Qərbi Azərbaycan sakinlərinin ənənəvi qiyafətlərinə həsr olunmuş tədbirə Ankara Universitetinin İncəsənət fakültəsi və Qərbi Azərbaycan İcması dəstək verib.
Tədbirdə Ankara Universitetinin rəhbərliyi, diplomatlar, parlament üzvləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri, alimlər və ekspertlər iştirak ediblər.
Konfransdan əvvəl Azərbaycan və Anadolu milli ornamentlərinin zənginliyini, tikmə və toxuculuq sənətinin incəliklərini əks etdirən milli geyim nümunələrinin nümayiş olunduğu sərginin açılışı olub.
İştirakçılara həm qadın, həm də kişi geyimləri – bölgənin xarakterik simvollarını, etnik naxışlarını və rəng palitrasını əks etdirən milli kimliyin və mədəni irsin əvəzsiz nümunələri təqdim olunub.
Daha sonra Qərbi Azərbaycan İcması Qadınlar Şurasının layihəsi çərçivəsində təşkil olunmuş konfrans keçirilib.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Qərbi Azərbaycan İcmasının beynəlxalq əlaqələr üzrə koordinatoru, deputat Tənzilə Rüstəmxanlı və Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova çıxışlarında qeyd ediblər ki, Azərbaycan və Anadolu sakinlərinin milli geyimlərində bölgələrin qədim mədəniyyətlərinin etnoqrafik, tarixi və bədii xüsusiyyətləri əks olunub. Onlar, həmçinin iki qardaş xalqın vahid mədəni kodunun təzahürü olan milli geyim ənənələrinin ortaqlığını vurğulayıblar.
Deputat Məlahət İbrahimqızı deyib: “Qərbi azərbaycanlıların milli qiyafətləri zəriflik, zənginlik və dərin rəmzilik baxımından parlaq mədəni irsdir”.
O, Qərbi azərbaycanlıların geyimlərinin xalqın tarixi ilə sıx bağlılığını vurğulayıb və regionun mədəniyyətini öyrənmək üçün qiymətli mənbə olduğunu bildirib. Parlament üzvü Qərbi Azərbaycan məsələsində tarixi ədalətin sülh yolu ilə bərpa olunacağına əminliyini ifadə edərək deyib: “Milli geyimlər xalqın milli xüsusiyyətlərini digər maddi mədəniyyət elementlərindən daha çox əks etdirir və etnik əlamətlər sırasında yer alır”.
Ölkəmizin Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev tədbir iştirakçılarına Qərbi Azərbaycan məsələsinin tarixi perspektivini təqdim edərək xatırladıb ki, azərbaycanlıların tarixi ərazilərində toponimlər dəyişdirilib və qədimdən burada yaşamış əhalinin mədəni irsi sistematik şəkildə məhv edilib, həmçinin deportasiya dalğaları vasitəsilə bölgənin etnik xəritəsi yenidən formalaşdırılıb.
Diplomat yüz minlərlə azərbaycanlının geri qayıtmasının beynəlxalq səviyyədə tanınmış təbii insan hüququ olduğunu vurğulayıb.
Ankara Universitetinin rektoru Necdet Unüvar isə paytaxt universitetinin divarları arasında iki qardaş xalqın mədəniyyətlərinə həsr olunmuş tədbirə ev sahibliyi etməkdən qürur duyduğunu bildirib və bu mövzuda bir sıra tədbirlərin ilboyu davam etdirilməsi ilə bağlı tapşırıq verib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin siyasəti sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib.
Türkiyənin millət vəkili Azərbaycan rəhbərliyinin sülh təşəbbüslərinin uğuruna əminliyini ifadə edib, ATƏT-in Minsk qrupunun buraxılmasını xatırladıb və Ermənistan Konstitusiyasının preambulasında tez bir zamanda dəyişiklik edilməsinin vacibliyini vurğulayıb.
Şamil Ayrım Qərbi Azərbaycan məsələsində tarixi ədalətin sülh yolu ilə bərqərar olacağına əminliyini bildirib, həmçinin gəncləri Türk dünyasının mədəniyyətini və tarixini unutmamağa çağırıb.
