Astara rayonunda kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindən biri çayçılıqdır. Rayonda çayçılığın inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda Astarada 231,5 hektar çay sahəsi var. Cari ildə bu sahələrdən indiyə qədər 584,5 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 34,6 ton və ya 6,3 faiz çox məhsul yığılıb. Məhsuldarlıq isə 1,4 sentner artaraq 25,2 sentner təşkil edib.
Rayonda çayçılıqla 3 kənd təsərrüfatı məşğuldur. Bu ilin doqquz ayında həmin müəssisələr tərəfindən 110,2 ton yaşıl çay yarpağı istehsal edilərək təhvil verilib. Məhsuldarlıq isə 76,5 sentner olub.
Əhali təsərrüfatları tərəfindən 414,8 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,9 faiz çox məhsul yığılıb.
Hazırda rayonun çayçılıq təsərrüfatlarında məhsul yığımı kampaniyası davam edir.
Qeyd edək ki, çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə qəbul edilmiş “Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın icrası nəticəsində Astarada çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənib, çay plantasiyalarının əkin sahəsi artırılıb.