Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, ilk görüşün məhsuldar keçməsi və geniş gündəliyi əhatə etməsi əməkdaşlığın sistemli şəkildə inkişaf etdirildiyini təsdiqləyir: “Regional və qlobal məsələlər ətrafında fikir mübadiləsinin aparılması Azərbaycan-Çexiya əlaqələrinin təkcə ikitərəfli çərçivə ilə məhdudlaşmadığını, daha geniş geosiyasi kontekstdə əhəmiyyət qazandığını ortaya qoyur. İqtisadi sahədə əməkdaşlıq xüsusi diqqət mərkəzində olub. Hazırda ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması müsbət dinamikanı əks etdir. Eyni zamanda, Azərbaycan neftinin ixracının üstünlük təşkil etməsi tərəfləri iqtisadi əlaqələrin diversifikasiyasına sövq edir. Bu baxımdan biznes-forumun keçirilməsi, Çexiyadan geniş iş adamları heyətinin Azərbaycana səfəri və konkret sərmayə layihələrinin müzakirəsi qarşıdakı dövrdə qeyri-neft sektorunda əməkdaşlığın genişlənəcəyinə işarədir. Bu, həm də Azərbaycanın iqtisadi şaxələndirmə strategiyasına uyğun gəlir. Energetika sahəsi isə ənənəvi olaraq tərəfdaşlığın əsas sütunlarından biri olaraq qalır”.
Deputat qeyd edib ki, Azərbaycan neftinin Çexiyanın enerji balansında mühüm yer tutması və ölkəmizin Avropa üçün etibarlı enerji təchizatçısı kimi qəbul edilməsi Bakı-Praqa xəttində strateji əhəmiyyət daşıyır: “Azərbaycan qazının 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzvünə ixracı ölkəmizin enerji diplomatiyasının uğurunu nümayiş etdirir. Çexiyaya qonşu ölkələrə qaz ixracı isə bu əməkdaşlığın dolayısı ilə Praqanın enerji təhlükəsizliyinə töhfə verdiyini göstərir. Bununla yanaşı, tərəflər energetika əməkdaşlığını daha geniş prizmadan qiymətləndirir. Söhbət təkcə resursların ixracından deyil, uzunmüddətli və çoxşaxəli enerji tərəfdaşlığından gedir. Bu yanaşma Avropanın enerji təhlükəsizliyi kontekstində Azərbaycanın rolunu daha da gücləndirir və Çexiya ilə münasibətləri strateji səviyyəyə yüksəldir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq da diqqətçəkən istiqamətlərdəndir. Uzun illərdir davam edən hərbi-texniki əməkdaşlıq artıq yeni mərhələyə, birgə istehsal və texnologiya mübadiləsi mərhələsinə keçməkdədir. Azərbaycanın müdafiə sənayesində yerli istehsalı genişləndirmək siyasəti Çexiyanın bu sahədəki təcrübəsi ilə uzlaşır və qarşılıqlı faydalı sinerji yaradır. Bu isə həm Azərbaycanın müdafiə potensialının güclənməsinə, həm də sənaye əməkdaşlığının dərinləşməsinə xidmət edir. Səfər çərçivəsində hökumətlərarası komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı razılıq əldə olunması da münasibətlərin institusional inkişafına əlavə təkan verəcək. Bu mexanizm müxtəlif sahələr üzrə əməkdaşlığın koordinasiyalı şəkildə genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır. Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan-Çexiya münasibətləri təkcə enerji əməkdaşlığı ilə məhdudlaşmır, siyasi, iqtisadi və sənaye sahələrini əhatə edən çoxşaxəli strateji tərəfdaşlığa doğru inkişaf edir. Mövcud dinamika və qarşılıqlı maraqlar fonunda bu əlaqələrin yaxın perspektivdə daha da genişlənəcəyi və dərinləşəcəyi gözlənilir”.
