Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.
O bildirib ki, bu reallıqlar fonunda “Bakı Enerji Həftəsi” enerji sahə üzrə ən nüfuzlu tədbirlərdən biri hesab olunur. Belə bir tədbirin Azərbaycanda keçirilməsi təhlükəsizlik və etimad baxımından xüsusi əhəmiyyət daşıyır. Bu isə Azərbaycanın etibarlı tərəfdaş imicini daha gücləndirir. Digər mühüm məqam ondan ibarətdir ki, məhz belə tədbirlər zamanı böyük layihələrin təməli qoyulur, ilkin hesablamalar aparılır və yeni əməkdaşlıq imkanları müzakirə edilir. Deməli, Azərbaycan yeni fikirlərin və ideyaların formalaşdığı məkan kimi çıxış edir, vizyon yaratmağı bacarır.
“Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın enerji siyasətindən bəhs edərək keçilən yolu xronoloji ardıcıllıqla təhlil etdi. Şübhəsiz ki, vaxtilə Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə əsası qoyulan enerji strategiyası olmasaydı, bugünkü uğurlardan danışmaq çətin olardı. Düzgün qurulmuş strategiya və onun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı təkcə Cənubi Qafqazda deyil, dünya siyasətində də seçilən aktorlardan birinə çevirib.
Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizinin ilk mərhələlərində Azərbaycan müxtəlif əsassız tənqidlər və qarayaxma kampaniyaları ilə üzləşmişdi. Lakin Prezident İlham Əliyev qətiyyətli və qurucu siyasətini davam etdirdi. Bu gün Azərbaycanın 16 ölkəyə qaz ixrac etməsi bütün suallara verilmiş ən tutarlı cavabdır. Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsinə qaz ixrac edir. Xüsusilə qeyd olunmalıdır ki, Avropa İttifaqı çətin sınaqlarla üzləşdiyi dövrlərdə belə Azərbaycan enerji resurslarını heç vaxt təzyiq vasitəsinə çevirməyib, əməkdaşlıq prinsiplərinə sadiq qalaraq tərəfdaşlıq münasibətlərini davam etdirib”, – deyə A.Badamov vurğulayıb.
Deputat əlavə edib ki, bütün bunlara nail olmaq təmkinli yanaşma və qətiyyətli siyasət tələb edir. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, müxtəlif maraqların qovuşduğu məkanda iri layihələr həyata keçirməsi coğrafi mövqeyini üstünlüyə və perspektivə çevirdiyini göstərir. Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsi Azərbaycanı Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər Avropa ölkələri ilə birləşdirəcək ki, bu da son dərəcə strateji əhəmiyyət daşıyan layihədir.
“Bundan əlavə, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan marşrutu üzrə çəkilməsi nəzərdə tutulan quru elektrik kabeli layihəsi də icra mərhələsindədir. Bu layihələrin həyata keçirilməsi asan proses deyil. Çünki hər bir ölkənin hökumət nümayəndələri ilə ayrıca görüşlərin keçirilməsi, səmərəli danışıqların aparılması və koordinasiyalı fəaliyyət planının hazırlanması tələb olunur. Bu istiqamətdə Prezident İlham Əliyev həm qurumlararası koordinasiyanı təşkil edir, həm də xarici siyasətdə ölkələrlə münasibətləri səmərəli şəkildə qurur. O, dünya siyasətində baş verən prosesləri dərindən təhlil edərək, Azərbaycanın diplomatik masalarda uğurlu nəticələr qazanmasına nail olur. Bütövlükdə, Azərbaycan milli təhlükəsizliyin möhkəmləndirilməsində enerji təhlükəsizliyinin əhəmiyyətini dərindən dərk edir və bu təhlükəsizliyin təmin olunması istiqamətində geniş coğrafiyalar üçün yeni imkanlar və perspektivlər yaradır.
